XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Bakı şəhər Prokurorluğunun vəzifəli şəxsinin adı cinayət işində — Şok təfərrüat

Bakı şəhər Prokurorluğunun vəzifəli şəxsinin adı cinayət işində — Şok təfərrüat

Bakı şəhər Prokurorluğunun vəzifəli şəxsinin adı cinayət işində — Şok təfərrüat
2-09-2020, 16:22

Azərbaycanda dələduzluq etməkdə ittiham olunan Laçından olan məcburi köçkün, 1979-cu il təvəllüdlü Pərviz Səfərəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Pərviz Səfərəliyev Ağcabədi rayon Məhkəməsinin 23 fevral 2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə təqsirli bilinib, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Onun məhkumluğu ödənilmədiyi və ya qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda Rasim Həsənovun vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməsini təşkil etməklə, rəhbərlik edərək Tasim Həsənov ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında və xeyli miqdarda ziyan vurmaqla dələduzluq ediblər.

Belə ki, o, Rasim Həsənov ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədilə sonuncunun özbaşına özünü vəzifəli şəxs kimi, yəni özünü Bakı şəhər Prokurorluğunun işçisi olan Elçin Sultanov kimi təqdim etməsini təşkil etməklə rəhbərlik edərək Rüstəm İslamovun qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər edib.

O, Rüstəm İslamovun etibarından sui-istifadə etməklə sonuncunun Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş oğlu Vüqar İslamovun azadlıqdan məhrum etmə cəzasının 3 il azaldılmasında köməklik edəcəyinə dair yalan vəd verib.

Pərviz Səfərəliyev aldatma yolu ilə Rüstəm İslamovdan Xətai rayonu G.Mehmandarov küçəsi ev 84-də yerləşən “Sehirli Qala” restoranında 5500 manat alıb.

Daha sonra o, verdiyi vədə əməl etməyib, Rüstəm İslamovu aldadıb, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyib.

İstintaq orqanı tərəfindən Pərviz Səfərəliyevin barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.3,310-cu (iştirakçılıq, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan edilib.

Xətai rayon Məhkəməsinin hökmü ilə Pərviz Səfərəliyev 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Cinayət işində adı keçən Rasim Həsənov da təqsirli bilinərək məhkum olunub.

Hökmdən narazı qalan Pərviz Səfərəliyev apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan Pərviz Səfərəliyev kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb.

Sonda Pərviz Səfərəliyevin kasasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Elçin Sultanov Bakı şəhər Prokurorluğunun Daxili İşlər Orqanlarında Qanunların İcrasına Nəzarət İdarəsinə rəis müavini vəzifəsində işləyir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.