SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ramiz Mehdiyevin kabinetində gizli toplantılar: Kimlər qatılır?

Ramiz Mehdiyevin kabinetində gizli toplantılar: Kimlər qatılır?

Tarix:

29-06-2020, 00:13

/ 3 685 dəfə oxundu.
Ramiz Mehdiyevin kabinetində gizli toplantılar: Kimlər qatılır?

Bu yaxınlarda “Ana Vətən” partiyasının sədri, MM-in deputatı Fəzail Ağamalının Ramiz Mehdiyevlə bağlı qələmə aldığı məşhur yazısını, yəqin ki, xatırlayırsınız. Həmin yazısında sabiq “Boz kardinalı” 5-ci kolonun rəhbəri adlandıran deputat onu radikal müxalifəti hakimiyyətə qarşı qızışdırmaqda və demokratik islahatlara mane olmaqda günahlandırmışdı.
Məqalədə ən çox diqqəti cəlb edən eyhamlı bir cümlə də vardı: “Hələ də uzun illərdən bəri bitib-tükənməyən hikkə və ambisiyalarından əl çəkməyən, davamlı və sistemli xarakter daşıyan islahatlara maneçilik törətməyə cəhdlər göstərən, yaratdığı şəbəkə vasitəsilə ən müxtəlif üsullarla təxribatlara ara verməyən və bu gün də əməllərindən əl çəkməyən, iş otağını qərargaha çevirən, sözünə baxmaq istəməyənlərə hədə-qorxu gələn, şantaj edən “ağsaqqal” yaşa dolduqca daha da aqressivləşir, kin-küdurət dolu düşüncə sahibinə çevrilir”.
Cümlədəki “bu gün də əməllərindən əl çəkməyən, iş otağını qərargaha çevirən” qismdə konkret nədən bəhs olunduğu tam anlaşılmasa da, millət vəkilinin Ramiz Mehdiyevi gizli işlər planlaşdırmaqda və yeni kabinetini bu gizli fəaliyyətləri yürütmə qərargahına çevirməkdə ittiham etdiyi aydın sezilirdi.

Ovqat.com millət vəkilinin bu sözləri deyərkən nəyi nəzərdə tutduğu barədə ciddi informasiya əldə edib.

Məlumata görə, Fəzail Ağamalı havadan danışmırmış. AMEA-nın prezidenti həqiqətən də akademiyadakı kabinetini gizli toplantılar məkanına çeviribmiş. Onun həmin kabinetdə bir sıra vurulmuş iri məmurlarla gizli görüşlər keçirdiyinə dair xəbər var. Toplantıya qatılanlar arasında özüylə bərabər PA-dan qovulmuşlarla yanaşı, vəzifəsindən uzaqlaşdırılmış nazirlər də, iş adamları da alırmış.
Xüsusilə keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun, iş adamı Hafiz Məmmədovun tez-tez Ramiz Mehdiyevin ziyarətinə gəldiyi və ondan bəzi təlimatlar aldığı xəbər verilir. İddialara görə, xaricdəki söyüş müxalifətinin maliyyələşdirilməsi də bu təlimatlardandır.

Maraqlıdır ki, bənzər məlumat bundan əvvəl də mediaya sızdırılmışdı. Aprel ayında dərc olunan xəbərlərdə bildirilirdi ki, Ramiz Mehdiyevlə Ziya Məmmədov karantin rejimini Göyçayda bir yerdə keçirirlər. Ziya Məmmədovun qardaşı Elton Məmmədov o zaman mətbuatda gedən məlumatları təkzib etsə də, bu birlikdəlikdə hər hansı “qəmbərqulu” axtarmağın səbəbini anlamadığını bildirmişdi: “Əvvəla, bu xəbər yalandır. Digər tərəfdən isə axı Ziya Məmmədovla Ramiz Mehdiyevin harada dincəlməsinin mətbuata nə dəxli var? Kimsə təqaüdə çıxıb haradasa istirahət edirsə, bu, mətbuatı nə üçün maraqlandırmalıdır? Bu, insanların şəxsi həyatıdır”.

Bizim əldə etdiyimiz məlumatlar “Ziya Məmmədovla Ramiz Mehdiyevin harada dincəlməsinin mətbuata dəxlinə” aydınlıq gətirəcək mahiyyətdədir.

Bildirildiyinə görə, Ramiz Mehdiyevin bu cür fəallaşmasının səbəbi heç də fərdi hakimiyyət davasından da irəli gəlmir. Azərbaycan hakimiyyətinin indiyədək reallaşdığı neft və qaz kəmərləri vasitəsilə Avropa Birliyinə iqtisadi inteqrasiya xətti tutması, dolayısıyla Rusiyanın “qoca qitənin” enerji inhisarçılığına qarşı həyata keçirilən layihələrdə iştirak etməsi Moskvada qəzəbinə qarşılanıb. Kreml Rusiyanın enerji siyasətinə qarşı layihələrdə yer alan rəsmi Bakını cəzalandırmağa qərar verib. Bunu isə ölkədəki özünə bağlı qüvvələrin əliylə həyata keçirmək istəyir. Son zamanlar hakimiyyətdə aparılan bir sıra kadr dəyişikliklərinin əsas səbəbi də bununla izah olunur.
İddia olunur ki, indiyədək balanslaşdırma siyasətilə xaricdən gələn təzyiqləri azaltmağa çalışan Azərbaycan rəhbərliyi artıq iki seçim qarşısındadır: o ya batmaqda olan Rusiya ilə eyni gəmidə oturmalı, ya da neft və qaz kəmərləriylə bağlandığı Qərb xəttini tutmalıdır.
İlk variantda onu Azərbaycanın illik qazancının 80-90%-nin gəldiyi layihələri gözdən çıxarmaq, ikinci variantda isə Rusiyanın təzyiqləri gözləyir. Rusiyanın təzyiqi isə Azərbaycandakı “5-ci kolon”undan gələ bilər. Fəzail Ağamalının sözlərinə inansaq, həmin qüvvələrin başında Ramiz Mehdiyev dayanır: “Beləliklə, bir tərəfdən 5-ci kolonun aparıcı şəxsi kimi Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirir, başqa tərəfdən özünün “vacibliyini” və “təkrarolunmazlığını” nümayiş etdirir, mövqeyini gücləndirirdi”.
İddialara görə, Qərbin enerji təhlükəsizliyinə qoşulmağı Azərbaycanın milli maraqlarına uyğun hesab edən rəsmi Bakı hakimiyyətdəki rusqafalıların mümkün təxribatçı əməllərini zərərsizləşdirmək üçün onlardan yaxa qurtarmağa qərar verib. Ramiz Mehdiyevin, Əli Həsənovun və ötən ildən başlayaraq, bir-bir hakimiyyətdən uzaqlaşdırılan kadrların da bu məqsədlə çıxdaş olunduğu, yerlərinə isə Qərb ölkələrində təhsil alan gənclərin gətirildiyi bildirilir. Məqsəd həm də tədricən texnokratik hakimiyyət qurub Azərbaycanı yeni iqtisadi mərhələyə keçirməkdir. Bu isə Rusiya ilə yanaşı, sovet hakimiyyətindən qalma beyni kifli məmurları da narahat edir və onları Moskvadan gələcək əmrlərə amadə vəziyyətə gətirir. Ramiz Mehdiyevin öz kabinetini, Fəzail Ağamalının təbirilə desək, “qərargaha çevirməsi” bu mənada təsadüfi görünmür.

Qeyd edək ki, yalnız Azərbaycanda deyil, keçmiş SSRİ-nin orbitində olan Şərqi Avropada yaşanan bir sıra hadisələr də bu məlumatı təsdiqləyir. Sirr deyil ki, Polşadan tutmuş Bolqarıstana, vaxtilə eyni ittifaqda yer aldığımız Baltikyanı olkələrə, Ukraynaya qədər Şərqi Avropada da Qərbə meyllənmə prosesi gedir. Hətta Rusiyanın bu zamana qədər strateji müttəfiqi sayılan Belarus belə, Moskvayla siyasi-iqtisadi əlaqələrini yumşaldır, sönən ulduzun cazibəsindən uzaqlaşaraq, özünə yeni orbit axtarır. Belə bir şəraitdə ən yaxın strateji müttəfiqlərinin belə, üz döndərdiyi Rusiya ilə eyni gəmidə yer almaq Azərbaycanın yenidən qarşısıalınmaz proseslərin yedəyində sürüklənməsinə yol aça bilər.

Şərhlər

XƏBƏR LENTİ