Baş Prokurorluq Əfqan Sadıqovun tutulması ilə bağlı açıqlama verdi

Cəmiyyət

Mətbuatda “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumat yayılıb.

DİA.AZ bununla bağlı Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanova müraciət edib.

E.Sultanov DİA.AZ-ın sorğusuna cavabında deyib ki, Əfqan Sadıqovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb:

“İş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Əfqan Sadıqov Cinayət Məcəlləsinin konkret maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Təfərrüatları barədə tərəfimizdən ictimaiyyətə əlavə məlumat veriləcək”.