XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Kamaləddin Qafarov “koronavirus testi”ndən keçmədi

Kamaləddin Qafarov “koronavirus testi”ndən keçmədi

Kamaləddin Qafarov “koronavirus testi”ndən keçmədi
24-03-2020, 10:40

Dünyanı sarsıdan ölümcül koronavirus epidemiyasının yayılması ilə bağlı xəbərlər Azərbaycanda da ötən aydan bəri tibbi maska və spirtin yoxa çıxmasına səbəb olmuşdu. Bu gigeyena vasitələri qıtlaşdığından, adi vaxtda bir ədədi 10 qəpik olan qoruyucu maskanın qiyməti bir neçə həftə əvvəl 10-15 dəfə yüksək- 1-1,5 manata satılırdı. Apteklərdə gündə yüzlərlə müştərinin “maska var?”, “spirt var?” suallarından bezən əczaçılar girişə “maska və spirt yoxdur” yazılan lövhələr asırdılar.

Maska böhranının dərinləşməsinə əvvəlcə Nazirlər Kabineti, sonra isə prezident səviyyəsində reaksiya gəldi. Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının kollektivi ilə görüşdə ölkədə maska çatışmazlığından xəbərdar olduğunu bildirdi: “Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşahidə olunur. Buna heç cür izahat tapmaq mümkün deyil. Çünki bizim kifayət qədər maska ehtiyatlarımız var. Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər”.

Dövlət başçısı qeyd etdi ki, bütün hüquq-mühafizə orqanlarına belə hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirlərinin tətbiq edilməsilə bağlı tapşırıq verilib. Bu tapşırıqdan cəmi bir gün sonra Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi son günlər tibbi maskalara artan tələbatdan sui-istifadə edərək, bu ləvazimatların real dəyərindən dəfələrlə baha qiymətə satmaq istəyən, həmçinin qaçaqmalçılıq yolu ilə ölkədən kənara çıxarmağa çalışan şəxslərə qarşı əməliyyat keçirilib. Nəticədə iranlı və çinli şəxslərdən cəmi 1 milyon 50 min maska aşkar edilərək götürüldü.

Bəs hazırda apteklərdə vəziyyət necədir? Maska qıtlığı aradan qalxıbmı? Araşdırma zamanı məlum olub ki, Bakı apteklərində artıq əvvəlki maska böhranı müşahidə olunmasa da, qıtlıq hələ də davam edir. Bəzi apteklər limitlə də olsa, maska satırlar. Lakin maska və spirtin qiymətində əvvəlki kimi artım müşahidə olunmur. Bununla bağlı AzToday.az olaraq apardığımız araşdırmalar zamanı məlum oldu ki, “Azərmed” şirkətinə məxsus “Zəfəran” apteklərinin bir çoxunda maska və spirt yoxdur. Bu məhsullar olan apteklərdə isə qiymətdə əvvəlki vaxtlara nisbətdə ciddi bahalaşma var. Bununla bağlı hətta sosial şəbəkələrdə də narazılıqlar ifadə olunur. Onu da bildirək ki, “Azərmed” şirkətinin Azərbaycan Respublikası Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Kamaləddin Qafarova məxsus olması haqda ciddi iddialar var. Şirkət ayrıca Əhməd Rəcəbli küçəsindəki AzeriMed “Tibbi Market”də tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir, bütün ölkəboyu şəbəkələşmiş “ZƏFƏRAN” apteklərinə və “ZƏFƏRAN HOSPİTAL”ı idarə edir. Kəmaləddin Qafarovun qeydiyyatda olduğu BİNƏQƏDİ RAYONU, MUSTAFA KAMAL ATATÜRK, ev MƏHƏLLƏ 3078 A, EV 65 A, m. 155 ünvanında onun daha bir ailə şirkəti – “AZƏRİ MED-MNK” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ hüquqi qeydiyyatdadır. Şirkət Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 10 manat nizamnamə kapitalı ilə 2008-ci il martın 11-də qeydiyyata alınıb. Qanuni təmsilçisi Kəmaləddin Qafarovun yaxın qohumu CANİLYA QAFAROVA RƏHİM qızıdır.

Maraqlıdır ki, öz biznesində yaranmış situasiyadan bəhrələnməyi önə çəkən milət vəkili epidemiya ilə bağlı xalqa məsləhət verməyi də unutmur. Onun öz adına yaratdığı saytda (yeri gəlmişkən bunu Azərbaycanda analoqu olmayan hal hesab etmək olar) yerləşdirdiyi son xəbərdə deyilir(bax: https://kqafarov.az/?smode=content&item=Biz_birlikde_butun_sinaqlardan_uzuag_cixacagiq-) :

“Azərbaycan Respublikası Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Kamaləddin Qafarov XXİ əsrin pandemiyasına çevrilmiş koronavirusun yeni növü ilə mübarizə sahəsində ölkəmizdə aparılan qabaqlayıcı tədbirlərə yüksək qiymət verib. Millət vəkili vurğulayıb ki, yaranmış vəziyyətdə preventiv, qabaqlama tədbirlərinin daim nəzarətdə saxlanılması, ölkə rəhbərliyinin çox məntiqi, düzgün olaraq müəyyənləşdirdiy taktiki və strateji addımdır. Müalicə metodu olmayan pandemiyadan qorunmağın yeganə yolu onunla qabaqlayıcı tədbirlər vasitəsi ilə etibarlı şəkildə mübarizə aparmaqdır. K. Qafarov bildirib ki, bu sahədə həlledici addımı məhz insanlar atmalıdır. Onlarzəruri ehtiyac olmadığı halda çölə çıxmamalı, kütləvi tədbirlərə, qələbəlik sahələrə getməməli, qrup halında toplantılardan uzaq durmalıdırlar. Bu tələblər xüsusilə yaşlı adamlara aiddir. İtaliyada koronavirusun yeni növündən ölənlərin 90 faizindən çoxu yaşı 50-dən yuxarı olan insanlardır. Şəxsi gigiyena qaydalarına ciddi şəkildə əməl olunması xəstəlikdən qorunmanın ən əsas tələblərindən biridir”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.