SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “ORTAQLAR HƏBSDƏKİ OĞLUMUN HƏYATINA SON QOYA BİLƏRLƏR!” – İş adamının anasından I Vitse-prezidentə ŞOK MÜRACİƏT

“ORTAQLAR HƏBSDƏKİ OĞLUMUN HƏYATINA SON QOYA BİLƏRLƏR!” – İş adamının anasından I Vitse-prezidentə ŞOK MÜRACİƏT

Tarix:

11-04-2017, 17:28

/ 61 917 dəfə oxundu.
“ORTAQLAR HƏBSDƏKİ OĞLUMUN HƏYATINA SON QOYA BİLƏRLƏR!” – İş adamının anasından I Vitse-prezidentə ŞOK MÜRACİƏT

“Real MTK”-nın keçmiş təsisçisi, xeyriyyəçi iş adamı, hazırda həbsdə olan İlham Səfəralı oğlu Qasımovun həyatı üçün real təhlükə yaranıb. İki dəfə ürək əməliyyatına məruz qalan, 75 faiz ürək-damar tıxanıqlığı xəstəliyi ilə yaşayan İlham Qasımovun həbsini sifariş edənlər, indi də onun ölüm təhdidi altında yaşamasına nail olmağa çalışırlar!
Bu fikirlər İlham Qasımovun anası Hacı Gözəl Cəfərovanın Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyevaya yazdığı məktubda yer alıb. Məktubda bildirilir:

“Əzizimiz Mehriban xanım Əliyeva, hörmətli I vitse-prezidentimiz!
Sizə, oğlu ədalətsizliyə düçar olaraq sifarişlə həbs edilən, mənəvi işgəncələrə məruz qalan, övladını hər an itirmək təhlükəsilə yaşayan, bu üzdən böyük sarsıntı keçirən, ağır xəstəliklərə düçar olan və gecə-gündüz göz yaşı tökən bir ana kimi yazıram bu məktubu. Son ümidimiz Sizsiniz! Sizin mərhəmətinizə, hümanistliyinizə və ədalətinizə inamım tamdır.
Bu inamı Siz Heydər Əliyev Fondunun prezidenti, millət vəkili kimi uzun illər boyu gördüyünüz işlərlə, minlərlə insanın problemini həll etməyiniz, dərdinə çarə olmağınızla qazanmısınız. Ona görə də, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən Sizin Azərbaycan Respublikasının I vitse-prezidenti təyin edilməyiniz ölkənin bütün vətəndaşları kimi məndə də böyük sevinc və ədalətin bərqərar olacağına inam yaratdı. Sizin I vitse–prezident kimi 73 yaşlı bir ananın fəryadına biganə qalmayacağınıza və ədalətin bərqərar olmasını təmin edəcəyinizə inanıram.

Hörmətli Mehriban xanım!
Oğlum İlham Qasımovun tikinti sektorunda ortağı olanlar – Baş Prokurorluğun idarə rəisi general Müqəddəs Sultanov və qaranlıq keçmişə malik olan Gülağa Qəmbərovun birgə hazırladığı ssenari əsasında başına gətirilənlər barədə uzun–uzadı yazıb vaxtınızı almaq istəmirəm.Qısaca olaraq bildirim ki, iş adamı kimi daim Azərbaycan iqtisadiyyatının inkişafı üçün çalışan, dövlətinə və Prezidentinə sadiq biri kimi tanınan oğlum İ.Qasımov, Baş Prokurorluğun Təşkilat-Analitik İdarəsinin rəisi, general Müqəddəs Sultanovun və vaxtı ilə Vətənimizə, xalqımıza qarşı çıxan, Ulu Öndər, Ümummilli liderimiz Heydər Əliyevin siyasətinə və müstəqil dövlət quruculuğuna mane olan “OMON” adlı bir qurumu maliyyələşdirən, dörd soyad, ad və ata adı daşıyan, dörd pasport gəzdirən, milliyətini dəyişən (əsas: Az.Res. D.İ.N.-nin 27.03.2017-ci il tarixli 08.-7037/2C-3217N-li məktubu- şəkili yazıya əlavə olunur) Gülağa Məmi oğlu Qəmbərovun (Gülağa Tənha) sifarişilə əvvəcə 15 il müddətinə həbs edildi.
Hökmü də general Müqəddəs Sultanovun Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən xalası oğlu, hakim Zeynal Ağayevə çıxartdırdılar. Bu üzdən də prokuror 12 il iş istədiyi halda, hakim oğluma 15 il cəza verdi.
Müqəddəs Sultanov özü prokurorluqda vəzifə tutduğundan, səlahiyyətindən istifadə edərək cinayət işini istədiyi kimi quraşdırmağa, bir qrup insandan təzyiqlə, hədə-qorxu ilə zərərçəkmiş kimi oğlumun əleyhinə ifadələr almağa nail olmuşdu. Ancaq ittihamda ”zərərçəkən” kimi təqdim edilən şəxslər məhkəmədə “biz heç bir zərər çəkməmişik, İlham Qasımova qarşı heç bir şikayətimiz yoxdur” demişdilər. Hakim isə bunları belə nəzərə almayıb, prokurorun istədiyindən də yüksək iş kəsdi və açıq şəkildə bunun ona verilən sifarişlə əlaqəli olduğunu dedi. Nə qədər acı olsa da, bu bizim üçün təəccüblü olmadı. Çünki hökmdən əvvəl Gülağa Qəmbərov həbsxanadakı oğluma xəbər göndərərək, istədiklərini verməzsə, ona 15 il iş kəsdirəcəklərini bildirmişdi. Hətta sonradan bu məqsədlə hakimə 50 min manat rüşvət verdiyini də etiraf etdi. Dediklərinə də nail oldular.
Bundan sonra biz Bakı Apellyasiya Məhkəməsində işə ədalətli baxılacağına ümid edirdik. Hakim Sahibxan Mirzəyevin məhkəmə gedişində ortaya qoyduğu mövqe də, bizdə onun ədalətli qərar çıxaracağına ümid yaradırdı. Hətta hakim özü də əvvəlcə işdə cinayət tərkibinin olmadığını, oğluma qarşı irəli sürülən ittihamların heç birinin sübut olunmadığını dolayısıyla bəyan edirdi. Eyni zamanda həm Gülağa Qəmbərovun, həm də arvadı Şəhla Əliağa qızı Rüstəmovanın ayrı-ayrılıqda oğlumdan eyni məbləğdə pul tələb etmələrinin heyrət doğurduğunu söyləmişdi. Bu məsələni aydınlaşdırmaq üçün, Gülağa Qəmbərovu və sonuncu arvadı olan Şəhla Rüstəmovanı prosesə gətirməyi düşünürdü. Ancaq sifariş yenə də qanundan üstün tutuldu.
Hakim əvvəlcə martın 9-da 15:30–a təyin etdiyi məhkəmə prosesini təxirə saldığını bəyan etdiyi halda, sonradan gizlincə oğlumu Bakı Apellyasiya Məhkəməsinə gətirərək, ona hökm oxuyublar. Vəkillərin dediyinə görə, hakim Sahibxan Mirzəyev 25 dəqiqə çəkən prosesdə heç İlham Qasımovun son söz deməsinə belə şərait yaratmadan ona 12 il həbs cəzası kəsib.
Qərarın belə gizli çıxarılmasına da səbəb proses zamanı bütün ictimaiyyətin, jurnalistlərin oğlumun günahsız həbs edildiyinə şahid olması olub. Hamı İlham Qasımovla bağlı ittihamların təsdiq olunmadığını gördü. Nə zərərçəkmiş kimi məhkəməyə gələn oldu, nə də ittihamı təsdiqləyən bir sənəd ortaya qoyuldu. Məhz bu üzdən də hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesin sonunda oğlum İlham Qasımovun azadlığa buraxılacağı gözlənilirdi. Ancaq hakim bəraət vermək əvəzinə, oğlumun cəzasını sadəcə 3 il azaltdı. Bu da təbii ki, hökmün yenə də sifarişlə çıxarılması ilə bağlı idi.
Sonradan bildik ki, bu dəfə də hökmdən əvvəl ortaqlar – Müqəddəs Sultanov və Gülağa Qəmbərov adamları vasitəsilə oğluma xəbər göndərərək, istədiklərini almayınca onun həbsdən sağ çıxmasına imkan verməyəcəklərini bildiriblər. İstədikləri isə tək oğlumun deyil, bütün qohum-əqrabamızın, dost-tanışımızin varidatıdir!

Hörmətli Vitse-Prezidentimiz!
Bu şəxslərin şərləyərək oğlumu həbs etdirməkdə əsl məqsədləri qeyri-qanuni yollarla yüksək məbləğdə pul qazanmaq, var-dövlətimizi əlimizdən almaq, oğlumun bütün tikinti sektorunu ələ keçirmək olub. Elə bu məqsədlə də general M.Sultanov G.Qəmbərovla birləşərək oğlum, sahibkar İlham Qasımovla ortaq olublar. Ortaqlar düşünmədən və araşdırmadan törətdikləri qanunsuz sifarişli həbslə bərabər, uzun illər bundan öncə satılmış əmlaklara, eyni zamanda bank krediti ilə alınaraq bankın girovunda olan əmlaklarada həbslər qoydurublar. Ancaq biz dövlətimizə qarşı inamımızı heç zaman itirməmişik. İnanırıq ki, gec də olsa ədalət bərqərar olacaq.
Bu şəxslər həbs etdirdikdən sonra da oğlumdan və ailəmizdən əl çəkmirlər. Oğlum İ.Qasımovun özünə və ailəsinə demək olar ki, hər gün sifariş, bir acı xəbər göndərirlər. Söyləyirlər ki, oğlum və ailəmiz onların istədikləri yüksək məbləği verməyənə qədər nə İlhamın azad olunmasına imkan verəcəklər, nə də həbsxanada onu rahat buraxacaqlar. Onların istədiklərini isə, yalnız İlham Qasımovun deyil, bütün qohum-əqrabanın varidatını satsaq belə ödəyə bilmərik. Elə Müqəddəs Sultanov da səlahiyyətlərindən istifadə edərək, bütün ailə üzvlərimizin, yaxınlarımızın əmlaklarına həbs qoydurub. Bu da böyük bir ailənin faciəsinə səbəb olmaqdadır.
Ancaq bununla da kifayətlənməyib, oğlumun həbsxanada daha ağır şəraitə köçürülməsinə çalışırlar. Qeyd etdiyim kimi, İlham Qasımov 2 dəfə ürəyindən əməliyyat olunub, ürək-damar sistemində ciddi problemlər var. Bu üzdən də daim həkim nəzarəti altında olması, vaxtı-vaxtında dərmanlar qəbul etməsi, sistem köçürülməsi tələb olunur. Ona görə də, oğlum həbs edildikdən bir müddət sonra Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) tərəfindən verilən 1/17270–16 saylı məktuba əsasən onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirdilər. Sağ olsunlar, orda onun müalicəsini davam etdirirlər, həyatı üçün təhlükə yaranmasına imkan vermirlər.
Ancaq oğlumun həbsini sifariş edənlər buna da imkan vermək istəmirlər. Hazırda bütün güclərini səfərbər edərək, oğlumun Müalicə Müəssisəsindən çıxarılmasına çalışırlar. Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətin rəhbərliyinə sifariş verə bilmədiklərindən, buna bəzi mətbuat orqanlarında həmin qurumların rəhbərlərini şantaj etmək, şər atmaqla, nail olmağa çalışırlar.
Hətta bu zaman dövlətimizə, Prezidentimizə qarşı çıxış edən qüvvələrlə birlikdə hərəkət etməkdən də çəkinmirlər. Misal üçün bu günlərdə “yenifikir” adlı saytda oğlum İlhama, onun ailə üzvlərinə və hətta mənə – 73 yaşlı anaya olmazın təhqirlər, böhtanlar yazdırtmaqla kifayətlənməyərək, öz çirkin məqsədlərini həyata keçirmək üçün vəzifəli şəxslərə də şər atıblar. Penitensiar Xidmətin rəhbərliləisi, general Ceyhun Həsənovla bağlı müxtəlif böhtanlar səsləndiriblər.
Xəstə olduğu üçün Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanan oğlumu oradan çıxarmağa nail omaqdan ötrü bu cür şantajlara əl atıblar.
Bu işin arxasıdan da ortaqların – G.Qəmbərov və M.Sultanovun çıxacağını güman edirik. Belə ki, vəkillərimizin araşdırması nəticəsində məlum olub ki, bu saytın sahibi Almaniyadan siyasi sığınacaq alan Anar Orucov adlı bir şəxsdir. Bildiyimiz kimi, M.Sultanovun doğma qardaşı Müşviq Hətəm oğlu Sultanov da Azərbaycan dövlətini bəyənməyərək, Almaniyadan siyasi sığınacaq qalıb. Müşfiq Sultanov bir vaxtlar “Azərbaycanda demokratiya, söz azadlığı yoxdur, ölkəmizdə insanlara qarşı təzyiqlər var” kimi şüarlar səsləndirərək, bu ölkəyə sığınıb. Ancaq prokurorluqda vəzifə tutan qardaşı ilə əlaqələri kəsməyib, birgə biznes qurublar. Güman edirik ki, böhtan, təhqir və şantajdan ibarət bu məqalənin də təsisçisi Almaniyadan siyasi sığınacaq alan, bu ölkədə qeydiyyatdan keçən bir saytda şıxması təsdüfi deyil. Məhz Sultanov qardaşlarının işidir.
Eyni məqaləni Gülağa Qəmbərovun maliyyələşdirdiyi bir neçə saytda da verməklə, həm ailəmizə, həm də vəzifəli şəxslərə qarşı mənəvi terror həyata keçirirlər. Vəkillərimiz həmin saytın rəhbərliyi ilə bağlı artıq xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.
Ancaq bu ortaqlar dayanmaq fikrində deyillər. Məni bir ana kimi qorxudan odur ki, sifarişlərlə, şantajla oğlumun Penitensiar Xidmətin Müalicə Müəssisəsindən çıxarılmasına nail olsunlar. Bu isə faktiki olaraq oğlumu hər an ölüm təhlükəsi altına qoymaqdır. Oğlum həkim nəzarətindən çıxarılarsa, həyatını itirə bilər. Belə gürünür ki, bu ortaqların məqsədi də oğlumu həbsdə ölümlə üz-üzə qoymaqdır! Əgər istəklərinə nail olarlarsa, ortaqlar M.Sultanov və G.Qəmbərov həbsdəki oğlumun həyatına son qoya bilərlər.

“Əzizi Mehriban xanım, hörmətli I vitse-prezidentimiz!
Yeganə ümid yerim Sizsiniz. Sizdən 73 yaşlı bir ağbirçək ana kimi xahiş edirəm, bu adamların oğlumla bağlı məkrli planlarını həyata keçirmələrinə imkan verməyin! Ağır ürək xəstəsi olan oğlumun Müalicə Müəssisəsindən çıxarılaraq, hər an həyatını itirmək təhlükəsi altında yaşamasının qarşısını alın! Oğlumun və aləmizin bütün həyatını məhv edən insanların mənə övlad acısı da yaşatmasına imkan verməyin!
Eyni zamanda, səlahiyyətlərinizdən istifadə edərək, oğlumun işinə yenidən və ədalətlə baxılmasını təmin etmək barədə tapşırıq vərməyinizi rica edirəm.
Əvvəlcədən Sizə minnətdarlığımı bildirir, çətin və şərəfli fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.
Böyük ehtiramla, İlham Qasımovun anası Hacı Gözəl Cəfərova!”
Redaksiyadan: Bir daha bəyan edirik ki, İlham Qasımovun anasının müraciətlərində adı keçən şəxslərin, xüsusən də Müqəddəs Sultanov və Gülağa Tənhanın mövqeyini işıqlandırmağa hazırıq.

Şərhlər

XƏBƏR LENTİ