XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Azərbaycan ordusunu hədəf seçən Qəhrəman Mənsimzadə kimdir? - ŞOK İDDİALAR

Azərbaycan ordusunu hədəf seçən Qəhrəman Mənsimzadə kimdir? - ŞOK İDDİALAR

Azərbaycan ordusunu hədəf seçən Qəhrəman Mənsimzadə kimdir? - ŞOK İDDİALAR
5-12-2019, 15:54

Azərbaycan Ordusunda hərbçilikdən çox dükançılıq etməklə yadda qalan Qəhrəman Mənsimzadə son günlər dövlətçiliyimizin əsas sütunu kimi sevilən ordumuza ləkə yaxmağa cəhd etməkdədir. Bir insanın niyə bu qədər xalqına dönük çıxmasını ayırd etmək üçün onun keçmişinə nəzər salmağı vacib bilirik. Sən demə, bu bədxah Mənsimzadə körpə ikən alverçi əxlaqının anti-milli mühiti içərisində pozulubmuş. Deyilənə görə, atası Qəribəli onu dil açdığı gündən etibarən cibkəsənliyə sövq elətdirib. Belə ki, vaxtilə ifrat insafsız əməlləri ilə super spekulyant əməliyyatları törətdiyinə görə atası 3 il həbsxanada yatıb. Onun doğma qardaşı Vüqar isə daha irəli gedib – dörd dəfə həbs edilib. Oxucuların diqqətinə Qəhrəman Mənsimzadənin qardaşı Vüqarın cinayətlərini təqdim etmək istəyirik:

– Bir dəfə radioaktiv materiallarla qanunsuz davranmağa qurşandığına, neçə-neçə günahsız adamın həyatına zəhər qatmağa cəhd etdiyinə görə tutulub. Bax, necə deyərlər, bu yerdə xoruzun quyruğu görünür. Qardaşı kimyaçı olan kəs bu cinayət yoluna asanlıqla qoşula bilməzmi?! Əlavə gəlir qazanmaq üçün qardaş əlbirliyi qeyri-ixtiyari olaraq formalaşmış və axırda cinayətlə sonuclanmışdır.
– İkinci dəfə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrdən istifadə etmək, onların satışı ilə məşğul olmaq kimi cinayət əməlləri törətməklə müvafiq cəzaya məhkum edilib.
– Üçüncü dəfə dələduzluq üstündə azadlıqdan məhrum olunub.
– Dördüncü dəfə isə xuliqanlığa görə azadlıqdan məhrumetmə ilə cəzalandırılıb.
Çox utandırıcıdır! Daha hansı cəzalar qaldı? Bir qalır adam öldürmək…

Xuliqanlıq və dələduzluq edən, habelə aldatma yolu ilə dinc insanların şəxsi həyatını korlayan bir qardaşın, spekulyant xislətli atanın tərbiyəsini alan Qəhrəman, təbii ki, əsl hərbçi kimi yetişə bilməzdi. Belə bir ailədən nümunəvi oğul çıxardımı?! Əsla!

Deyilənə görə, o indi 3-cü arvadı ilə ömür sürür. Əvvəlki 2 arvadla nəyə görə yola getməyib? Bu üzdəniraq boşanma halları onun ailə başçısı kimi səbatsızlığından xəbər vermirmi?! Bu halını hərə bir cür yozur: ya düzgün seçim edə bilmir, ya da dükanbaz eşqi onun ağıl dayazlığını çox artırmışdır. Mənsimzadənin hamını bezikdirən və kobud bir ovqat doğuran iyrənc mənəvi göstəriciləri sübut edir ki, deyilənlərdə real faktların işığı tez gözə dəyir.
Azərbaycan Ordusunu heç bir halda sındırmaq mümkün deyil və buna görə də düşmən erməni xüsusi xidmət orqanları Qəhrəman Mənsimzadə kimi vətən xainlərini öz qarmağına keçiriblər. Reallıq ondan ibarətdir ki, ermənilər ondan öz çirkin məqsədləri üçün informasiya müharibəsində istifadə edirlər. Ona verilən qiymət budur: vətən xaini. Bundan artıq dəyəri ola bilməz. Özünə “akademik təhsilli” deyir, amma qorxaq və həyəcanlı səsi ilə yazılı müraciətini üzündən hıqqına-hıqqına oxuyur, dəfələrlə montaj edilmiş redaksiyada mənbəyi bəlli olmayan yerdə müsahibələr verir. Onun kimi erməni trolunu da kamera arxasında duran gədələr idarə edirlər.

Hərbçi yoldaşları bildirirlər ki, Qəhrəman Mənsimzadə məxfilik rejimini pozduğuna görə ordu sıralarından tərxis edilib. Görünən obyektiv səbəb odur ki, bu addım çox haqlı və qanunidir, çünki o, hələ də öz adəti üzrə məxfilik rejimini pozmaqda davam edir.
Hər kəsə məlumdur ki, Azərbaycan Ordusunda pul, ərzaq, əşya təminatı ən yüksək səviyyədədir və hərbi nizam-intizama tam riayət olunur. 20 il qüsursuz xidmət keçmiş hərbçilərə evlər paylanılır. Bütün bunlar cənab Ali Baş Komandanın təşəbbüsüdür. Daim Azərbaycan Ordusuna yüksək diqqət və qayğı göstərilir. Bu da hər kəsə agahdır ki, müdafiə naziri Zakir Həsənov ən çətin şəraitdə, ucqar nöqtələrdə Vətənin keşiyində xidmət edən əsgərləri ziyarət edərək, onları dəyərli hədiyyələr ilə mükafatlandırır. İl ərzində ən azı 5-6 dəfə ictimaiyyətin və media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günləri həyata keçirilir. Hər bir əsgər valideyni öz övladının xidmət yerində yüksək qürur hissi ilə gəzir.
Zakir Həsənov hər gün ordunun rəhbər heyəti ilə xidməti müşavirələr keçirərək, onlara ordunun inkişafı və döyüş hazırlığının daim yüksək səviyyədə olması istiqaməti üzrə mühüm tapşırıqlarını verir. Azərbaycan Ordusundakı mövcud sistem və rəhbərlik 2016-cı il Aprel döyüşlərində də var idi. Heç nə dəyişilməyib. Yəni o vaxt olduğu kimi indi də Azərbaycan xalqı öz doğma ordusunun yanındadır. Mənsimzadənin bütün çıxışları yekun olaraq öz şəxsi maraqlarına xidmət edir. İstər zabit, istər gizir və digər kateqoriyadan olan hərbi qulluqçular üçün nəzərdə tutulmuş kurslar üçün namizəd 1:10-a olan nisbət həddindədir. Əgər ordumuzda mövcud vəziyyət sənin dediyin kimi olsaydı, heç kim bu ordu sırasında qalıb xidmət etməzdi, necə deyim, kütləvi olaraq raport yazaraq tərxis olunardılar
Müharibə veteranı, ehtiyada olan polkovnik-leytenant Vəli Sadıqcanlı bu məsələyə münasibət bildiriərək deyib ki, Orduya qiyməti Qəhrəman Mənsimzadə kimi küskün xainlər yox, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və Azərbaycan xalqı verir.

“Azərbaycanın hüquq mühafizə və xüsusi xidmət orqanlarını ucadan səsləyərək, Qəhrəman Mənsimzadə kimi vətən xaini barədə müvafiq ölçü götürülməsini istəyirik. Onun fəaliyyətində casus motivi var. Onun kimi şərəfsizin rütbələri mütləq sökülməlidir və qalan həyatını layiq olduğu dəmir barmaqlıqlar arasında keçirməlidir. Azərbaycan Ordusu millətin namus və qeyrət keşikçisidir. Həm müdafiə naziri Zakir Həsənov, həm də zəngin döyüş təcrübəsinə malik olan Baş Qərargah rəisi Nəcməddin Sadıkov daim hərbi hissələrlə operativ təmasdadır. Onlar müntəzəm bir sürətdə ordumuzun hərtərəfli inkişafının müxtəlif ürəkaçan təzahürlərini əyani sürətdə görmək üçün həmişə hərbi hissələrə baş çəkir, əsgərlərlə birgə süfrə ətrafında oturub çörək yeyir və hərbçilərimizə xüsusi qayğı göstərirlər. Bütün ordu onlara yaxın və doğmadır. Bunun üçün ictimai sübutlar kifayət qədərdir. Ölkəmizin hər bir ailəsində ordumuzla bir mənəvi bağlılıq var. Xalqımız bu gerçəkliyi inkar etmir və ordumuzla fəxr edir”, – deyə Vəli Sadıqcanlı öz səmimi sözlərini açıqlayır.

Ehtiyatda olan polkovnik-leytenant Vəli Sadıqcanlı digər məqamları da ifşa edir: “Qəhrəman Mənsimzadə yalnız məxfilik rejimini pozduğuna görə ordu sırasından qanuni yolla qovulub. İndi o, təklikdə qalaraq iylənir. Axı, o zaman niyə səsini çıxarmadı?! Çünki hər şey göz qabağında idi, dil çıxarmağa səbəb tapa bilmirdi. Qoy, onun sifarişçiləri bilsinlər ki, Qəhrəman Mənsimzadə yalnız aciz bir oyunçudur, hər bir hərəkəti cılızlıq doğurur.

Məlumat üçün qeyd etmək istəyirəm ki, o, ön xətdə cəmi-cümlətanı bir həftə olub. Hər yerdə də şivən qoparır ki, guya ön xətdə xidmət aparıb. Döyüş bölgəsində olduğu zamanlar isə hərbçilik yox, dükanbazlıq edib. Əgər o, fərli kimyaçı, dəyərli kadr olsaydı, ona lazımi vəzifə həvalə edilərdi. Niyə gizir səlahiyyəti həddində olan dükana nəzarət işi ona tapşırılıb? Haqlı sual deyilmi?! Çünki onun özü pul qazanmağa giriftar olmuşdu. Ona görə Qəhrəman Mənsimzadəyə belə xırda və hərbçiliyə yad işlər verirdilər ki, onda kimyaçılıqdan, əsl hərbçilikdən əsər-əlamət görə bilmirdilər.

Ona hərbçi hüququna görə Hövsan qəsəbəsində mənzil təqdim edildiyi halda dövlətimizdən şəhərin mərkəzindən ev umur. O, öz natamam hərbçi ləyaqətini ayaqlar altına tullayaraq özünü gülünc və rişxənd obyektinə çevirdi. Görünür, orduya mənəvi dayaq vermək, ordu şərəfini qorumaq ona yad bir xüsusiyyətdir, onun şəxsi həyat amalı yalnız erməniləşməkdir. Bəli, Qəhrəman Mənsimzadə barədə əsl hərbçilərin düşündüyü gerçək məqamlar bunlardır.

Sonda isə demək istərdik ki, Qəhrəman Mənsimzadənin qohumlarının “gözləri aydın olsun”, çünki o, artıq erməni tərəfə keçənlərin sırasındadır. Populyar erməni saytlarında daşnaklar onu belə çağırırlar: “Heros Mənsimyan!” Yəni, “qəhrəman” sözü ermənicə “heros” deməkdir…

editor.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.