Bu gün Aşuradır
- 10-09-2019, 09:05
- 1 046
Aşura günü ilə əlaqədar ölkədəki məscidlərdə imam Hüseyn əzadarlığı keçiriləcək.
Aşura günü 28 şəhər rayon üzrə 32 yerdə qanvermə aksiyası olacaq. Aksiyalar saat 09:00-dan başlayacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, Hicri təqvimi ilə Məhərrəm ayı sentyabrın 1-də başlayıb. Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində əhali toy mərasimləri keçirmir. Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.
Qeyd edək ki, tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilən Məhərrəmin onuncu günü olan Aşura əfsus ki, hicri 61-ci ildən şəhadət və hüzn günü kimi yad edilir. Aşura hadisəsində Müaviyə oğlu Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) nəvəsi və səhabəsi İmam Hüseyn (ə), o Həzrətin (s) digər səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb. Bununla yanaşı, İmamın (ə) haqq-ədalət naminə şəhadəti bəşəriyyət və insanlıq üçün mənəvi kamillik, dirçəliş nümunəsidir.