Əvəz Qocayev ittihamlara niyə cavab vermir? – ARAŞDIRMA
- 9-03-2017, 09:07
- 2 359
Rahib Hüseynov fevralın 16-da Səbail Rayon Məhkəməsinin qərarıyla, ev dustaqlığına buraxılıb. Onun və Elnar Əsgərovun guya keçmiş qayınatası Əvəz Qocayevə də pul atması (“Azəravtoyol”un sədr müavini – red.) barədə yayılan məlumatları şərh etməsini xahiş etdik.
“Bu, tamamilə yalandır. Mən 2013-cü ildə 2 ay həbsdə olanda, Əvəz Qocayev nikah dövründə yoldaşımın adına aldığım bütün mənzilləri, gözəllik salonu, mağaza və digər obyektləri müxtəlif yaxın adamlarının adına keçirdi, sonra isə bizi boşatdırdı.
Hazırda Binəqədi Rayon Məhkəməsində proses gedir və mən nikah dövründə əldə olunan əmlakda öz hüquqlarımı bərpa etməyə çalışıram. Mənə elə gəlir ki, bu şayiələri elə Əvəz Qocayevin özü yayır. Onun Arif və Elnar Əsgərovlarla da münasibətləri pisdir… ona görə də, həm onlara, həm də mənə qarşı oynanılan bir oyun olduğunu düşünürəm. Kimlərsə, məni yenidən həbsə qaytarmağa çalışır”, – deyə R.Hüseynov qeyd etdi.
O, məsələdə “pul atma” söhbətinin yox, Elnar Əsgərovun planı əsasında mal alınıb “Azərbaycan Dəmir Yolları” QSC-yə satılması üçün müxtəlif şəxslərdən pul götürüldüyünü dedi: “O pulların da hamısı qaytarılıb. Hətta Elnar Əsgərovun sürücüsü Əlinin adı çəkilir, əsl adı Əlihüseyndir, soyadını xatırlamıram.
Birinci dəfə tutulmağım, məhz onun əliylə olmuşdu. Elnar öz sürücüsünün əliylə məni tutdurmuşdu. Səməd adlı Türkiyə vətəndaşına qədər, şəxslərin hamısının borcu qaytarılıb, izahat da yazıblar ki, məndən şikayətləri yoxdur. Müşfiq adlı iş adamının da adı çəkilir ki, onun bu işlərdə heç iştirakı olmayıb. Çox hörmətli adamdır və nahaq yerə adını hallandırırlar”.
Rahib Hüseynov vurğuladı ki, rəqəmlər də şişirdilib və siyahıda həqiqət payı azdır. O, barəsində şikayət irəli sürən DİN Baş DYPİ əməkdaşı Qoşqar Zeynalovun gəlir mənbəyi barədə vəsatətin də təmin olunmamasından narazılıq bildirib: “İstintaq gedirsə, müəyyən etsinlər, guya mənə verildiyi deyilən milyonlarla vəsait hardan əldə olunub”.
Bu yazının dərcindən əvvəl “Azəravtoyol”un saytında olan əlaqə nömrələrinə zəng etmiş, zəngimizə cavab verən olmamışdı. Martın 7-də “Azəravtoyol” ASC-yə zəng edərək, Əvəz Qocayevlə danışmaq istədiyimizi bildirdik. Eldar Abbbasov adlı əməkdaş əlaqə nömrəmizi alaraq, Ə.Qocayevə və ya mətbuat xidmətinə bildirəcəyini qeyd etdi. Biz həmçinin mətbuat katibi Anar Nəcəfliyə də zəng etdik.
“Bəli, o məlumatı gözucu görmüşəm. Əvəz müəllimə deyərəm, bu məsələ ilə bağlı şərhi varsa, sizinlə əlaqə saxlayaram”, – deyə A.Nəcəfli bildirdi. “Anar müəllim, məsələ “Azəravtoyol”la birbaşa bağlı olmasa da, Əvəz Qocayev ASC-nin sədr müavinidir. Ona görə də, Əvəz müəlllimin mövqeyinə yer vermək istəyirik. Mümkünsə, bu istiqamətdə bizə kömək edin”, – deyə xahiş etdik. “Yaxşı, narahat olmayın, sizinlə əlaqə saxlayacam”, – deyə A.Nəcəfli bildirdi. Lakin axşam saatlarına qədər, nə Anar Nəcəflidən, nə Əvəz Qocayev və ya ona yaxın bir şəxsdən zəng gəlmədi. Anar Nəcəfliyə daha sonra etdiyimiz zənflər və SMS-imiz belə, cavabsız qaldı.