Dövlətxan Dövlətxanov məsuliyyətdən yayına biləcəkmi? - İTTİHAM
- 29-08-2018, 14:41
- 5 557
Xatırladırıq ki, Prezidentin müvafiq fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib. Fərmana əsasən, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Amma…
«Təzadlar»ın bu ilin yanvarın 19-da yazdığı yazıya Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini niyə yalan məlumatlı cavab vermişdi?
Beləliklə, Xətai rayon sakinlərinin bir qanunsuz tikinti ilə bağlı yazdıqları şikayət məktubu əsasında «Təzadlar»ın əməkdaşları bu ilin yanvarında ərazidə olaraq çəkiliş aparmış, fakt təsdiqini tapdığından təqdidi məqalə hazırlanmışdır. Məqalə qəzetin 23 yanvar 2018-ci il tarixli sayında dərc olunmuşdur. Qısaca olaraq deyək ki, Xətai sakinləri ərizələrində qeyd edirdilər ki, bir iş adamı onların yaşadığı iki doqquzmərətəbəli binanın (AMAY-la üzbəüzdə) havalığını (tinini) kəsərək 7 mərtəbəli otel tikir, bu isə memarlıq və tikinti qanunvericiliyinin kobud surətdə pozulması deməkdir və s.
Məqalənin dərcindən bir neçə gün sonra Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən qanunsuz tikili ilə bağlı "Təzadlar"a cavab məktubu gəldi. Məktub həm də Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsinə göndərilmişdi. İdarənin rəisi A.Abdullayevə ünvanlı idi. Sorğu-məktubda Komitənin sədr müavini Dövlətxan Dövlətxanov qeyd edirdi ki, göstərilən ünvanda aparılan eybəcər tikili ilə əlaqədar ona icazə verilən sənədlər Komitəyə təqdim edilsin və sair.
Məktubdan sitat: «Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi cənab A.Abdullayevə!
Surəti: «Təzadlar» qəzetinə!
Xətai rayonu, S.Orucov və İ.Orucov küçələrinin kəsişməsində 1, 2 və 3 saylı binalarının sakinlərinə istinadən «Təzadlar» İnformasiya Portalında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış məlumatda bir-birinə perpentikulyar tikilmiş 2 və 3 saylı binaların tinində şəhərsalma və tikinti normaları pozulmaqla tikinti işləri aparıldığı bildirilir və bunun qarşısının alınması xahiş olunur.
Komitənin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən tikinti işlərinin aparılmadığı və sifarişçinin kimliyini müəyyən etmək mümkün olmamışdır.
Sözügedən tikintiyə icazə verilməsi ilə bağlı lazımi məlumat, sənəd və layihənin surətini Komitəyə təqdim etməyiniz xahiş olunur.
Hörmətlə, sədr müavini: Dövlətxan Dövlətxanov»
Bəs necə olub ki, Komitənin əməkdaşları əraziyə baxış keçirərkən tikinti işlərinin sifarişçinin kimliyini müəyyən edə bilməyiblər???
Gülməlidir, deyilmi… O boyda Komitənin əməkdaşları yazıdan dərhal sonra əraziyə baxış keçirirlər, amma tikintinin kim tərəfindən aparıldığını müəyyən edə bilmirlər! Bakı şəhəri ola, Komitənin işçiləri ola, qanunsuz tikinti aparıla, 20-30 polis əməkdaşı, 10-15 RİH işçisi və «JEK» əməkdaşları cəlb edilməyə və iki-üç ekskovator həmin tikintini dağıdıb yerlə-yeksan etməyə!
Komitə sədrinin bu məntiqsiz və yalan məktubunun üstü 7 aydan sonra açıldı və Baş Prokurorluq, eləcə də Komitənin yeni rəhbərliyinin sayəsində cinayət işi başlandı.
Dövlətxan Dövlətxanova da cinayət işi başlanılmalıdır, çünki…
Bu dəfə tikintinin sahibi məsuliyyətə cəlb edildi. Düşünürük ki, 25 yanvar 2018-ci il tarixli 05-06-A-01-141 saylı rəsmi cavab məktubu ilə redaksiyanı aldadan komitənin sədr müavini D.Dövlətxanova da cinayət işi başlanılmalıdır… Hərçənd, qanunsuz tikintinin sahibi olan vətəndaş Elsevər Rufullayev istintaqa doğru-düzgün ifadə versə, Komitənin sədr müavini D.Dövlətxanovun 7 ay əvvəl redaksiyaya cavab məktubundakı «Komitənin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən tikinti işlərinin aparılmadığı və sifarişçinin kimliyini müəyyən etmək mümkün olmamışdır» cümləsinin arxasında gizlənmiş əsil həqiqət də bəlli olacaq…
«Təzadlar» qeyd olunan sənəd və adıçəkilən rəsmi cavab məktubunu Baş Prokurorluğa göndərir və istintaqın obyektiv gedişini izləyəcək, əlavə məlumat veriləcək…
«Təzadlar»ın Araşdırma Qrupu