Mənsimovun daha bir “törəməsinin” 2.3 milyardlıq borcu üzə çıxdı
- 22-06-2018, 14:59
- 1 559
Virtualaz.org xəbər verir ki, bu barədə "Kommersant” qəzeti Müflisləşmə üzrə Məlumatların Vahid Federal Reyestrinə istinadən yazıb.
Məlumatda deyilir ki, "Palmali” MMC-nin törəmə şirkəti olan "Palmali Xəzər Dəniz Layihələri” MMC-nin 2.3 milyard rubl borcunun yarandığı üzə çıxıb. Kreditorun bəyan etdiyinə görə bu borc ona görə yaranıb ki, "Palmali” MMC-nin törəmə şirkəti "ana” şirkətə 2015-2018-ci illərdə borc verib. Başqa sözlə, Mənsimovun bir şirkəti kredit kimi götürdüyü vəsaiti başqa şirkətinə borc verib.
"Palmali Xəzər Dəniz Layihələri” MMC 2012-ci ildə Rostovda 419 milyon rubl nizamnamə kapitalı ilə yaradılıb. Müəssisənin baş direktoru Oqtay Babayevdir. 2016-cı ildə müəssisə 947 milyon rubl gəlir götürüb. Şirkətin səhmlərinin 100 faizi "Palmali” MMC-yə məxsusdur.
Xatırladaq ki, "Palmali” MMC-nin müflisləşməsi prosedura 2017-ci ilin oktyabrında başlayıb. Hazırda şirkətin kreditorlarının sayı 40-dan çox hüquqi və fiziki şəxsdir. May ayında məhkəmə şirkət üzərində müşahidə prosedurunu işə salıb və ona müvəqqəti idarəçi təyin edib.
"Palmali” MMC-nin borclarının həcmi onun cəmi aktivlərinin dəyərindən böyükdür və şirkətin müflis elan edilməsi, nəticədə aktivlərinin müsadirə edilib satılması qaçılmaz görünür. Mübariz Mənsimovun Türkiyədə də böyük borclarının yarandığı məlumdur.