DİN rəhbərliyi; korrupsiyaya qarşı mübarizə prioritet məsələdir, yoxsa…?
- 7-05-2018, 10:57
- 1 237
Yuxarıda qeyd edilən fikirlər Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən deyilibdir. Ölkə rəhbərimiz dəfələrlə öz çıxışlarında məmurları doğru yola, dürüst və sədaqətlə vətəndaşlara xidmət etməyə çağırıb və həmişə də rüşvətxorluğa və korrupsiyaya qarşı barışmaz mövqedə olduğunu nümayiş etdirib. Baxmayaraq ki, bəzi məmurlar öz korrupsioner hərəkətləri ilə hansı qurumda çalışmaqlarından asılı olmayaraq ölkə rəhbərliyinin daxili siyasi kursuna zidd fəaliyyətdədirlər, biz onları hər zaman ifşa etmişik.
Məlumat üçün nəzərinizə çatdıraq ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ölkədə yeganə sturuktordur, buranın hansısa nöqsana yol vermiş əməkdaşının qanunazidd hərəkəti faktlara əsaslanaraq ictimailəşincə rəhbərlik məsələyə dərhal reaksiya verməklə həmin əməkdaşını ciddi şəkildə cəzalandırmaqla digər qurumlara nümunə, öz tabeçiliyindəki başqa əməkdaşlarına da ibrətamiz bir mövqe nümayiş etdirmiş olur. Ölkə başçısı hətta çıxışlarının birində korrupsiya və rüşvətxorluq barədə danışarkən bunları da qeyd etmişdir; korrupsiya hər bir cəmiyyəti daxildən sarsıdan bir yaradır, bir xəstəlikdir. Biz bütün imkanlardan istifadə edib çalışmalıyıq ki, Azərbaycanda korrupsiya olmasın, Azərbaycanda tam şəkildə sosial ədalət təmin edilsin. Çünki korrupsiya sosial ədaləti pozan bir amildir. Bəli, doğrudan da korrupsiyaya qarşı mübarizəni hər birimiz aparmalıyıq. Xatırlayırsınızsa, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə və Diaqnostika Mərkəzinin əməkdaşının rüşvət almasını əksetdirən video görüntülər yayımlamışdıq. DİN dərhal məsələyə reaksiya verməklə həmin əməkdaşı işdən azad etdi, bunu həmin nazirliyin təqdirəlayiq bir addımı olaraq qəbul etdik. Ancaq inanırıq ki, həmin videoçəkilişdə də qeyd edildiyi kimi, rüşvət alan şəxsin qarşısında olan alınan rüşvətlərin siyahısı qeyd edilmiş dəftərçə ilə HESABat verdiyi rəisinə qarşı da hüquqi müstəvidə daha kəskin və daha sərt tədbirlər görülür və nəticəsi barədə mütləq ictimaiyyətə də rəsmi açıqlama veriləcəkdir.
Yoxsa sıradan bir əməkdaşın işdən çıxarılması həmin rüşvət videosunda minlərlə insanın izlədiyi rəzaləti sonlandırmağa yetərli deyil. Məsələ tək problemi əngəlləmək olmamalıdır, həm də həmin problemi meydana çıxaran səbəbləri də aradan qalxması üçün işlər görülməlidir. Çünki həmin əməkdaşın başının üzərində olan və həmin video görüntülərdə də qabarıq şəkildə diqqətdən yayınmayan nəzarət kamerasının izlənildiyi xidməti otaqda yayxanmış başbilənlərə də “bu nə biyabırçılıqdır” sualı yuxarı rəhbərliyin tərs silləsi ilə verilməyəcəksə, o zaman vətəndaş haqlı olaraq “elə bunlara yuxarılar şərait yaradır” ifadəsini işlətmək zorunda qalacaqdır.
Və düşünənlər də az olmayacaqdır ki, həmin müayinə mərkəzinin rəisi Elşad müəllimin millət vəkili Elşad Məmmədovun oğlu olması amili özünü biruzə verməklə, çox hörmətli deputatımızla DİN rəhbərliyinin uzun illərə dayanan yaxın dostluq əlaqələrinin də bu məsələdə Elşad Məmmədovun cəzadan kənarda qalmasında mühim rolunu işıq salacaqdır. Ancaq biz inanırıq ki, həmişə olduğu kimi, Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Cənab Ramil Usubov ömrünü adamış olduğu Azərbaycan Polisinin şərəfli adına ləkə gətirən hər bir əməkdaşına qarşı hansı barışmaz mövqe nümayiş etdiribsə, Elşad Məmmədova qarşı da ayrı-seçkilik qoymadan eyni mövqeyi ortaya qoyacaqdır…
Mövzu diqqətimizdədir…
REPORTYOR.info