XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Ölkə sənətkarı qamışlığa basdıran nazirə üsyan etdi: “Əbülfəs Qarayev, ayıb deyilmi...?”

Ölkə sənətkarı qamışlığa basdıran nazirə üsyan etdi: “Əbülfəs Qarayev, ayıb deyilmi...?”

Ölkə sənətkarı qamışlığa basdıran nazirə üsyan etdi: “Əbülfəs Qarayev, ayıb deyilmi...?”
6-03-2018, 09:47

Mədəniyyət və Turizm Nazirliyinin əməkdar incəsənət xadimi Tahir Əkbəri qamışlıqda dəfn eləməsi böyük etiraz və qəzəbə səbəb olub

Sosial şəbəkələrdə mərhum bəstəkara MTN tərəfindən göstərilən münasibət pislənilib.

Nazir Əbülfəs Qarayevin ögey münasibətini qəzəblə qarşılayan Feysbuk istifadəçiləri qeyd ediblər ki, T.Əkbərin ruhuna böyük hörmətsizlik olunub.

Onun “Qurd qapısı” yaxınlığındakı məzarlığın urvatsız bir yerində, məzarlardan aralıdakı qamışlıq yaxınlığında dəfn olunması böyük həqarət kimi qarşılanıb.

Ona görə də ailəsi məcburiyyətdən mərhumun ruhunu incitmiş olsa belə, qəbirdən çıxarıb ayrı yerdə dəfn etməli olub. Ən dəhşətlisi odur ki, nazirlikdən məsələ barədə heç bir açıqlama verilməyib.

Sosial şəbəkə istifadəçiləri sənətkarın ruhuna sayqısızlıq edən, onu qamışlıqda dəfn etməklə laqeydliyini nümayiş etdirən nazir Ə.Qarayevə “ayıb olsun” mesajları ünvanlayıblar.

Həqiqətən də prezident hər zaman incəsənət xadimlərinə, mədəniyyət adamlarına, cəmiyyətdə hörmətli, nüfuzlu, xalq tərəfindən sevilən sənətkarlara diqqət göstərir, qayğısını əsirgəmir, sağlığında evlə təmin edir, prezident təqaüdü kəsir, ordenlər verir.

Bu mədəni siyasətdə I vites-prezident Mehriban Əliyevanın da xidməti danılmazdır. Amma Ə.Qarayev dövlət rəhbərliyinin fəaliyyətindən tam uzaq olan bir addım atıb.

T.Əkbər kimi hörmətli şəxs qamışlıqda dəfn edilib. Ailəsi də bu təhqirə etiraz olaraq onu qəbrindən çıxarıb başqa yerdə dəfn edib.

Bəstəkarın həyat yoldaşı bunları bildirib: “Tahir müəllim sağlığında demişdi ki, “əgər görsən ki, məni adıma, sənətimə layiq olmayan yerdə dəfn ediblər, məni ordan çıxart, atamın məzarında dəfn elə.

Səndən son istəyim budur”. Mən də baxdım ki, Tahir müəllimi adına, sənətinə layiq olmayan yerdə dəfn ediblər. Ona görə onu orda qoya bilməzdim”.

Mərhumun həyat yoldaşı qeyd edib ki, Tahir Əkbərin arzusu İkinci Fəxri Xiyabanda dəfn edilməsi olub.

Dəfn edilmiş insanın qəbirdən çıxarılması düzgün hesab edilməsə də, öz vəsiyyəti varsa və ailə üzvlərinin ürəyi narahatdırsa, vəfat edənin nəşi qəbirdən çıxarılıb başqa yerdə dəfn edilə bilər.

Bu sözləri ilahiyyatçı Elşad Miri bir neçə gün öncə vəfat etmiş məşhur bəstəkar Tahir Əkbrin dəfnindən bir gün sonra məzardan çıxarılaraq, atası ilə bərabər, eyni qəbirdə dəfn edilməsinə münasibət bildirərkən deyib.

E.Miri bildirib ki, ölən şəxsin nəşi qəbirdən çıxarılan zaman hər hansısa dini mərasimə ehtiyac yoxdur:

“İslam dinində ümumiyyətlə dini mərasim anlayışı yoxdur. Bunlar sonradan ortaya çıxmış fikirlərdir”.

İlahiyyatçının sözlərinə görə, islam dinində bir qəbirdə iki insanın dəfn edilməsi günah hesab edilmir:

“Din bunu qadağan etmir. Dəfn edilmiş insanın yanında başqa biri də dəfn edilə bilər. Özü atasının məzarında dəfn edilməyi vəsiyyət edibsə, qəbrin açılması və orada dəfn edilməsində heç bir narahatlıq, dinə zidd məqam yoxdur”.

İlahiyyatçı Rəsul Mirhəşimli isə bildirib ki, islamda cənazənin dəfn edildikdən sonra bir yerdən başqa yerə daşınması caiz deyil.

Bunu geniş şəkildə izah edən ilahiyyatçı hansı hallarda qəbrin açılmasına icazə verildiyini də bildirib:

“Məzarın olduğu yerdən yol keçdikdə, qəbir su altında qaldıqda və ya qəbrin başqasına aid olduğu sonradan üzə çıxdıqda və orada dəfn olunmaq üçün izn olmadıqda məzarı bir yerdən başqa yerə daşımağa icazə verilir.

Cənazə qəbrə qoyulub, üzərinə torpaq atıldıqdan sonra artıq camaatın əlindən çıxır və Allaha təslim edilmiş sayılır. Əgər zərurət yaranmayıbsa, qəbrin açılmaması lazımdır”.

Qeyd edək ki, martın 2-də uzun sürən xəstəlikdən sonra vəfat edən tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər dəfn olunduğu məzardan çıxarılıb.

Bəstəkarın həyat yoldaşı bunu T.Əkbərin ona layiq olmayan yerdə dəfn edilməsi və vəsiyyətinə uyğun etdiyini bildirib.

Fia.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.