Ramiz Mehdiyevin yeni kitabı Mərkəzi Elmi Kitabxanaya daxil olub
- 16-01-2018, 12:52
- 1 660
Kitab Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin qeyd edilməsinə dair sərəncamına əsasən AXC-nin 100 illiyinə töhfə olaraq hazırlanıb.
“Qafqaz Fövqəladə Komissiyasının sənədləri” adlanan və ilk dəfə olaraq ana dilimizdə nəşr olunan diplomatik yazışmalar toplusu 1919-1920-ci illərdə İranla Azərbaycan Xalq Cümhuriyyətinin siyasi əlaqələrinə dair mühüm tarixi mənbələrdən biridir. Topluda həmin dövrdə Bakıda xüsusi diplomatik tapşırıq əsasında Seyid Ziyaəddin Təbatabainin rəhbərliyi ilə fəaliyyət göstərmiş İran nümayəndə heyətinin öz ölkəsinin rəhbərliyinə ünvanladığı məktublar, hesabat və analitik təhlillər öz əksini tapmışdır. Ümumilikdə 98 sənədin cəmləşdiyi toplu yalnız ADR-İran münasibətlərinin deyil, o dövrdə Qafqaz bölgəsində cərəyan edən siyasi proseslərin tədqiqi baxımından da ciddi əhəmiyyətə malikdir. Sənədlərin böyük əksəriyyətinin uzun müddət məxfi xarakter daşıması və geniş ictimaiyyətdən gizli saxlanılması səbəbindən tədqiqatçıların onlarla tanışlığı ADR-in siyasi tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salmağa imkan verəcək, həmçinin artıq oturuşmuş sayılan bəzi yanaşmaları yenidən, fərqli bucaq altında nəzərdən keçirməyə sövq edəcək.