"Ermənilər həmin bəndin çıxarılmasını tələb ediblər" - Əflatun Amaşov
- 1-12-2017, 09:35
- 1 868
Bunu sessiyada iştirak edən Milli Məclisin deputatı Əflatun Amaşov deyib.
Ə.Amaşov bildirib ki, bəyannamədə quruma üzv ölkələrin ərazi bütövlüyünün bərpa edilməsi, işğal altında olan torpaqların ərazi bütövlüyü çərçivəsində azad edilməsi ilə bağlı bənd öz əksini tapıb və bu, Ermənistanın QDİƏT-in sessiyasında iştirak edən nümayəndə heyətini razı salmayıb.
Ə.Amaşov bildirib ki, ermənilər həmin bəndin çıxarılmasını tələb ediblər, lakin əksəriyyət bu bəndin bəyannamədə əksini tapmasına razılığını bildirdi: “Ermənilər artıq görəndə ki, bu bənd bəyannamədə əksini tapacaq, iclas zalını tərk etdilər”.
Deputat vurğulayıb ki, ermənilər həmin sessiyada başqa təkliflərlə də çıxış ediblər, lakin onların irəli sürdüyü heç bir təklif qəbul edilməyib: “Təşkilatın tarixində ilk dəfə belə bir bəyannamə qəbul olundu və bu, Azərbaycan üçün kifayət qədər əhəmiyyətli bəyannamədir. Ümumiyyətlə Dağlıq Qarabağ məsələsinin həllində bu sayaq bəyannamələr hüquqi baza xarakteri daşıyır. Azərbaycan nümayəndə heyəti sessiyada kifayət qədər aktiv iştirak etdi və bu bəyannamənin qəbul edilməsi Azərbaycanın uğurudur”.