“Zəfəroğlu İnşaat”ın adı MTN işində... - İDDİA
- 19-09-2017, 19:07
- 20 350
Məlumatlı mənbə iddia edir ki, şirkətin rəhbəri Zəfər Məmmədov MTN generalının havadarlığından istifadə edərək, bir neçə il ərzində külli miqdarda vergi ödəmələrindən yayınıb. Bununla bağlı hər hansı bir problem yarandıqda isə, şirkət rəhbəri birbaşa Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi, hazırda “MTN işi”ndə əsas fiqurantlardan biri olaraq həbs edilən general Vidadi Məmmədova zəng edib. Bir neçə dəfə bu hal təkrar olunduqdan sonra isə, vergi məmurları “Zəfəroğlu İnşaat” şirkətinin fəaliyyəti ilə demək olar ki, maraqlanmayıblar. Daha sonra mənbə bildirir ki, Zəfər Məmmədovun həm bu biznesə, həm də MTN-lə əməkdaşlığa cəlb olunmasında keçmiş MTN naziri Eldar Mahmudovun yaxınlarından olan, “Akula” ləqəbli Akif Mustafayevin müstəsna rolu olub. Xatırladaq ki, bir müddət bundan əvvəl yayılan məlumatlarda “Akula Akif”in Azərbaycanı tərk etdiyi deyilmişdi. Qeyd olunmuşdu ki, o, oktyabrın 18-də, Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan 1 gün sonra təyyarə ilə Bakıdan Parisə uçub. Daha sonra A.Mustafayevin oradan da İspaniyaya getdiyi vurğulanmışdı. Həmçinin bu xüsusda yayılan məlumatlarda bildirilir ki, Akif Mustafayev ayrı-ayrı iş adamları haqda MTN rəhbərliyinə lazımi bilgilər verib, onları “ilişdirirmiş”. Sonradan isə, həmin iş adamlarına öz “köməyini” təklif edirmiş. MTN zabitləri ilə iş adamlarının arasında vasitəçilik görüntüsü yaradıb, külli miqdarda pul alırmış. Açıqlamalarda bu məqam da vurğulanır ki, “Akula Akif” bu “xidmətlərindən” sonra MTN-in “əlindən qurtardığı” iş adamlarının bizneslərinə 20-30 faiz şərik olmaqla, onlara “krışalıq” edirmiş. Bu gün əldə etdiyimiz məlumatlarda Akif Mustafayevin “Zəfəroğlu İnşaat”a şərik olduğuna dair heç bir dəlil təqdim edilmir. Bununla belə, mənbə Zəfər Məmmədovun özünün də digər şirkət rəhbərləri və iş adamlarına qarşı “Akula Akif”in üsullarını məharətlə tətbiq etdiyini vurğulayır. Həmçinin bildirilir ki, “Zəfəroğlu İnşaat” şirkətinin rəhbəri MTN rəhbərliyinə çirkli pulların yuyulması xüsusunda da “müstəsna əhəmiyyətli xidmətlər” göstərirmiş...
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
azerinews.org