1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Cəmiyyət

 
Ana dilimizi  milli dövlətçiliyimizin başlıca rəmzləri kimi dəyərləndirən,  doğma dildə poeziyamızın klassik nümunələrini yaradan sərkərdə, görkəmli şair Şah İsmayıl Xətai gənclərə nəsihətində yazırdı: «Vətənin bir ovuc torpağını bir ovuc altundan, dilimizin bir kəlməsini bir ölçü mücəffərdən üstün bildim. Dilimizin və Vətənimizin əbədiyyən yaşaması üçün əlimdən gələni etdim. Məni lənətlə yad etməyin. Yaxşı nə etdimsə  davam etdirin, xətalarımı təkrar etməyin… Atalar sizə üç əmanət qoyublar: Dilimiz, qeyrətimiz, Mətənimiz.»
«Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik. Ancaq eyni zamanda  arzu edirik ki,  hansı qitə , hansı ölkədə  yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı o ölkənin dilini də  mənimsəsin, o ölkənin adət-ənənələrindən də istifadə etsin, o ölkənin şəraitinə uyğunlaşsın. Amma Azərbaycan dilini yaşatsın və inkişaf etdirsin» söyləyən Ulu Öndər Heydər Əliyevin xalqları  birləşdirən dilimizin saflığının qorunmasındakı xidmətləri də  əvəzsizdir. «Müstəqil  Azərbaycan dövlətinin  əsas ideyası azarbaycançılıqdır», «Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var», «Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik», «Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə, Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb»  söyləyən Ulu Öndərin ən dəyərli tövsiyələrindən biri də bu idi ki,   xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli,  müstəqilliyimizin başlıca rəmzləridən olan dilimizi yaşatmaq hər birimizin vətəndaşlıq borcudur.
70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 1993-cü ildə  hakimiyyətə qayıdışı ilə bütün sahələrdə köklü islahatlar aparan, dövlətin dil siyasətinə millətin varlığını təsdiqləyən amil kimi  məsuliyyətlə yanaşan  Ümummilli Lider Heydər Əliyev  ziyalılarla görüşü zamanı  dilimizin taleyi  ilə əlaqədar geniş müzakirə apardı. Süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Ümumi razılaşmaya əsasən, Azərbaycan dilinin latın qrafikalı əlifbasının tətbiqi məqsədəuyğun hesab olundu. Bu sahə üzrə nəzərdə tutulan problemlərin həlli üçün xüsusi Sərəncamla Dil Komissiyası yaradıldı.  Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi, inkişafı, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli- mədəni  özünüifadə ehtiyaclarının ödənilməsi imkanları genişləndi. Milli-mənəvi dəyərlərimizin qorunmasında  xüsusi xidmətləri olan  Ulu Öndərin imzaladığı «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» (18 iyun 2001-ci il), «Azərbaycan Respublikasında Dövlət dili haqqında» Azərbaycan Respublikasının Qanunu» (30 sentyabr 2002-ci il) və « Azərbaycan  Respublikasında dövlət dili haqqında  Qanunun tətbiq edilməsi barədə» (2 yanvar 2003-cü il) fərmanlarının həyata keçirilməsi ilə    ədəbi dilimizin fəaliyyət imkanları daha da  genişləndirilmiş,  üslub potensialları təkmilləşdirilmiş, nitq mədəniyyətimizin qarşısında  yeni üfüqlər açılmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olan, 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: «Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.» 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.
Ulu Öndər  9 avqust  2001-ci ildə  «Azərbaycan əlifbası və Azərbaycan  dili gününün təsis edilməsi haqqında» Fərmanı imzalamaqla latın qrafikalı əlifbanın  daha geniş miqyasda işlədilməsini təmin etdi. Həmin fərmana əsasən hər il 1 avqust tarixi  Azərbaycan  Əlifbası və Azərbaycan  Dili Günü kimi qeyd edilir.
Dilimizin inkişafında, təkmilləşməsində, saflığının qorunmasında fədakarlıq göstərən Ulu Öndərin xidmətlərini yüksək dəyərləndirən və dil siyasətini davam etdirən, «Dil siyasətində  sərhəd məhdudiyyəti yoxdur» ideyasına sadiq qalan  Prezident İlham Əliyev « Azərbaycan dilində latın qrafikası ilə  kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» Sərəncamı imzalamaqla bu istiqamətdə nəzərdə tutulan və həlli vacib  prioritetləri müəyyənləşdirdi.  Yenidən çapı nəzərdə tutulan kitabların mətnlərinin elektron daşıyıcıları və internet vasitəsilə yayılması, latın qrafikasında  «Azərbaycan ədəbiyyatının virtual kitabxanası» yaradılması qarşıya məqsəd kimi qoyuldu. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki,  «elektron hökumət», «elektron dərslik», «elektron kitabxana» terminləri yarandı və bu sahədə önəmli uğurlar əldə olundu. «Azərbaycan Milli Ensklopediyanın nəşri haqqında» Sərəncam imzalandı.
    «Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili,  milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi   həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir»  söyləyən  Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir: «Azərbaycan dilinin müxtəlif tərcümə, izahlı, terminoliji, etimolji lüğətlərinin hazırlanıb çap olunmasında müşahidə olunan nizamsızlığın aradan qaldırılması, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların folklorunun, dialekt və ləhcələrinin öyrənilməsi kimi məsələlər də gündəmə gətirilməlidir. Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri də ehtiva edir.»
 
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru