Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir:
- Bu gün, 12:43
- 0
Bərəkallah məntiqinə, namxuda pedaqoji əllaməliyinə. Bunlar nə yeyir, nə içirlər, nəylə düşünürlər? Cəmiyyəti nə hesab edirlər?
Dünya praktikasından xəbərləri yoxdur, heç olmasa çoxu özlərinin olan özəl bağçaların təcrübəsindən də xəbərsizdilər? O zaman özünüzə yaxın özəl bağçalara dövlət-özəl tərəfdaşlığı adı altında milyonlarla manat dövlət vəsaitini niyə verirsiniz? Zatən həmin özəl bağçalarda da kameralar var, valideynlər gün ərzində övladını izləyə bilir. Bəs deyirdiniz dövlət bağçalarında məşğələ zamanı müəllim telefon istifadə etmir? Nə tez unutdunuz? Əgər istifadə edirlərsə, tədrislə kim məşğul olur? Bu qədər absurd, bu qədər məntiqi uyğunsuzluqla "pedaqoji ədanız" bir araya sığmır. O qədər cəmiyyətin sizi ciddiyə almadığına vərdiş etmisiniz ki, nə danışdığınızın fərqində belə deyilsiniz. Arada çıxışınızı özünüz də bir izləyin, suallara cavab verməyən mətbuat xidmətiniz də izləsin. Bəlkə o zaman daha yeni baş qatmaq ideyaları da yaranar.
İnternetdə gördüyünüz əndrabadi, Azərbaycan reallığına yad olan qurama ideyaları öz beyninizin məhsulu kimi təqdim edəndə, belə çıxışlarla süni islahat görüntüsü ifraz edəndə niyə müəllim nüfuzu, müəllimin rahat fəaliyyəti yada düşmür? Təhsil, pedaqoji dəyərlər sizi düşündürmür, heç olmasa çıxışlarınızda məntiqi ardıcıllığa vəfalı olun, lütfən. Yazıqdır sizi dinləyənlər, hamını anlamaz hesab etməyin.
Vəzifənizə, göründüyü kimi layiq olmadığınız yerinizə, dövlətin sizə etibar etdiyi səlahiyyətə bu qədər barmaqarası baxmayın. Sizdən öncə o vəzifəyə müəllimlikdən gəlmiş əsl pedaqoq xanımın çıxışlarını izləyin, nəyi necə demək lazım olduğunu öyrənin. Öyrədə bilmirsiniz, heç olmasa öyrənin, öyrənmək heç vaxt gec deyil.(Tehsilmedia.info)