Azərbaycanın Avropa üçün etibarlı enerji təchizatçısı olacaqdır
- Bu gün, 11:23
- 0
Almaniya Avropa İttifaqına daxil olan ölkələr arasında iqtisadi cəhətdən inkişaf etmiş ən qabaqcıl dövlətlərdəndir. Həmçinin Almaniya Aİ-nin iqtisadi siyasətini müəyyənləşdirir. Bu mənada demək olar ki, Almaniya Avropanın aparıcı dövlətlərindən biridir. Bu ölkə ilə Azərbaycan araında siyasi, iqtisadi əlaqələrin günün tələblərinə cavab verməsi təqirəlayiqdir. Son illər Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır. Prezidenti İlham Əliyevin iyulun 20-21-də Almaniyaya rəsmi səfəri və səfər çərçivəsində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Merts Kansleri Olaf Şolts ilə görüşləri keçirilib, iki ölkə arasında mühüm əhəmiyyət kəsb edən sənədlər imzalanıb. Birgə mətbuat konfransına ölkə başçısının bildirdiyi kimi, Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcək”.
Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin tarixinə nəzər salsaq görərik ki, əlaqələrin inkişafında ən mühüm dönüş nöqtəsi Ulu Öndər Heydər Əliyevin 1996-cı il iyulun 1-4-də Almaniyaya etdiyi tarixi səfər olub. Həmin səfər müstəqilliyini yenicə bərpa etmiş gənc Azərbaycan dövlətinin Avropanın ən böyük güclərindən biri ilə uzunmüddətli tərəfdaşlıq strategiyasının təməlini qoydu. Həmin səfər çərçivəsində Ulu Öndər Almaniyanın o zamankı siyasi rəhbərləri ilə keçirdiyi görüşlərdə ilk addımlarını atan Azərbaycanın müstəqil xarici siyasət kursunun Avropada qəbul olunmasını təmin etdi, “Deutsche Bank”, “Siemens”, “Thyssen” və “Mercedes-Benz” kimi sənaye və maliyyə nəhəngləri ilə fundamental razılaşmalar əldə olundu və Azərbaycanın qlobal iqtisadi sistemə inteqrasiyasının və irimiqyaslı investisiya cəlbinin hüquqi-praktiki təməlini qoydu.
İki dövlət arasında münasibətlər son illərdə intensivləşən qarşılıqlı səfərlərlə daha da möhkəmlənib. Prezident İlham Əliyevin 2024-cü ilin aprelində Almaniyaya uğurlu səfəri, həmçinin dövlətimizin başçısının ənənəvi olaraq Münxen Təhlükəsizlik Konfransında fəal iştirakı siyasi dialoqun daimi xarakter daşıdığını göstərir. İkitərəfli münasibətlərdə dərin qarşılıqlı etimadın ən bariz nümunələrindən biri kimi, Almaniyanın Federal Prezidenti Frank-Valter Ştaynmayerin 2025-ci ilin aprelində Bakıya reallaşan səfəri xüsusi əhəmiyyət daşıyır. Bu ardıcıllıq göstərir ki, Berlin regional sabitlik və qlobal layihələrdə Bakını əvəzedilməz tərəfdaş kimi görür.
Rəsmi Berlin Cənubi Qafqazda davamlı sülhün və etimad mühitinin qurulmasında aktiv vasitəçilik və platforma rolunu üzərinə götürərək, Ermənistan ilə Azərbaycan arasında birbaşa dialoqun təşviqinə mühüm töhfələr verir. Almaniyanın bu balanslaşdırılmış və konstruktiv yanaşması regional kommunikasiyaların açılması və beynəlxalq hüquq prinsipləri çərçivəsində yekun sülh sazişinin imzalanması prosesinə diplomatik dəstək baxımından böyük əhəmiyyət kəsb edir.
Əgər uzun illər Azərbaycan Avropa üçün əsasən karbohidrogen ixracatçısı kimi qəbul edilirdisə, bu gün ölkə artıq enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və Avropa ilə Mərkəzi Asiyanı birləşdirən strateji kommunikasiyaların ayrılmaz hissəsi olaraq qiymətləndirilir. 2022-ci ildə Azərbaycan ilə Avropa Komissiyası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması da məhz bu transformasiyanın siyasi ifadəsi idi. Həmin sənəd Azərbaycanın Avropaya təbii qaz ixracının artırılmasını, enerji əməkdaşlığının dərinləşdirilməsini və bərpaolunan enerji sahəsində yeni imkanların yaradılmasını nəzərdə tutur.
Bu gün Azərbaycan artıq Avropa İttifaqının 10 üzv dövləti də daxil olmaqla, 16 ölkəyə təbii qaz ixrac edir. Ən önəmlisi Azərbaycanın Avropaya qaz ixracı 2022-ci ildən əvvəlki 8 milyard kubmetrdən hazırda 13 milyard kubmetrə yüksəlib və 2027-ci ilədək bu göstəricinin azı 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. Cənub Qaz Dəhlizi isə Xəzər hövzəsini Avropa ilə birləşdirən alternativ enerji arteriyası kimi qitənin enerji təhlükəsizliyi strategiyasının əsas sütunlarından birinə çevrilib. TANAP və TAP kəmərləri Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətində xüsusi əhəmiyyət qazanaraq Azərbaycanın qitənin enerji təhlükəsizliyində rolunu daha da gücləndirib.
Prezidenti İlham Əliyev Berlində keçirilən birgə mətbuat konfransında imzalanmış sənədlərin iki ölkə arasında əlaqələrin yeni səviyyəyə qaldıracağına əminliyini bildirib. Dövlətimizin başçısı deyib: “Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq”.
Ölkə başçısı bildirib ki, Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcək”.
Ölkə başçısı mətbuata bəyanatında Azərbaycanın bağlantılar və tranzit imkanlarına da toxunaraq Almaniya–Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyətini qeyd edərək Almaniyanın şirkətlərinin bu istiqamətdə çox böyük uğurlar əldə etdiyini bildirib. Dövlətimizin başçısı deyib ki, Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir və keçən il Mərkəzi Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla bir növ Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır.
Azərbaycanın Avropa üçün strateji əhəmiyyəti təkcə enerji ilə məhdudlaşmır. Müasir geosiyasətdə boru kəmərləri qədər nəqliyyat dəhlizləri, limanlar, dəmir yolları və rəqəmsal kommunikasiya xətləri də dövlətlərin geoiqtisadi gücünü müəyyən edən əsas amillərə çevrilib. Şimal marşrutunun müharibə və sanksiyalar səbəbindən əvvəlki funksionallığını itirməsi, cənub istiqamətində isə geosiyasi risklərin artması fonunda Orta Dəhliz Avropa ilə Mərkəzi Asiyanı birləşdirən ən etibarlı və perspektivli marşrut kimi ön plana çıxıb. Bu dəhlizin mərkəzində yerləşən Azərbaycan artıq təkcə tranzit ölkəsi deyil, Avropanın “Global Gateway” strategiyasında mühüm geoiqtisadi tərəfdaş kimi çıxış edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Xəzər üzərindən formalaşan multimodal daşımalar sistemi Azərbaycanın bu dəhlizin əsas logistika qovşağına çevrildiyini göstərir. Məhz buna görə də Brüsselin Bakı ilə əməkdaşlığı bu gün enerji təhlükəsizliyi, logistika, rəqəmsal bağlantılar, yaşıl enerji və kritik xammal tədarükünü əhatə edən kompleks strateji tərəfdaşlıq məzmunu qazanıb.
Təranə Tağıyeva – BDU, Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru