“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
- Bu gün, 11:07
- 0
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin "Bir pəncərə" informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və texniki işlər tam həcmdə başa çatdırılıb.
Bu barədə Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov Bakıda keçirilən “Bir pəncərə” informasiya sistemi – Rəqəmsal Logistika Platformasının rəsmi təqdimat mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu mərhələdə API arxitekturası qurulmuş, təhlükəsizlik mexanizmləri yaradılıb, VPN bağlantıları təşkil edilmiş, mal nomenklaturası və digər təsnifat məlumatları üzrə servis interfeysləri hazırlanmış, elektron gömrük bəyannaməsinin formalaşdırılması, status mübadiləsi, bildiriş mexanizmləri, autentifikasiya və digər zəruri funksiyalar yaradılıb:
“Ümumilikdə, layihənin birinci mərhələsi üzrə müəyyən edilmiş 154 funksional və texniki tapşırığın hamısı uğurla icra edilib.
Layihənin hazırlanması prosesində sistemin yalnız texniki baxımdan deyil, həm də istifadəçiyönümlü yanaşma əsasında formalaşdırılmasına xüsusi diqqət yetirilib.
Bu məqsədlə, 2026-cı ilin aprel-may ayları ərzində Bakı Baş Gömrük İdarəsində "bir pəncərə" layihə komandası, gömrük əməkdaşları və gömrük təmsilçilərinin iştirakı ilə sistemin funksional imkanlarına dair praktiki baxış keçirilib. Tədbir zamanı gömrük təmsilçiləri ixrac gömrük bəyannaməsini birbaşa sistem üzərindən formalaşdıraraq bütün prosesləri real iş mühitində sınaqdan keçirmiş, istifadə zamanı əldə etdikləri təcrübə əsasında rəy və təkliflərini təqdim etmişdilər.
Təqdim olunan rəy və təkliflər hərtərəfli təhlil edilmiş, onların əksəriyyəti sistemdə nəzərə alınaraq funksional və istifadə rahatlığı baxımından müvafiq təkmilləşdirmələr həyata keçirilib”.
Birinci mərhələnin mühüm nəticəsi olaraq, 4 may 2026-cı il tarixində "bir pəncərə" informasiya sistemi vasitəsilə təqdim edilmiş ilk ixrac gömrük bəyannaməsi uğurla qəbul olunmuş, avtomatlaşdırılmış emal prosesindən keçərək təsdiqlənmiş və malların buraxılışı həyata keçirilib.
Bu hadisə layihənin praktik tətbiq mərhələsinə keçdiyini və sistemin real əməliyyat mühitündə uğurla fəaliyyət göstərdiyini nümayiş etdirilib.