Sahibə Qafarova: Silahlı münaqişələr zamanı ətraf mühitin qorunması təkcə ekoloji problem deyil
- Bu gün, 18:17
- 0
Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın "Silahlı münaqişələr zamanı ətraf mühitin mühafizəsi" mövzusunda videokonfransında çıxış edərkən deyib.
Spiker qeyd edib ki, silahlı münaqişələr təkcə insan faciələrinə deyil, həm də ekosistemlərə, biomüxtəlifliyə, su ehtiyatlarına və kənd təsərrüfatı ərazilərinə uzunmüddətli ziyan vurur:
"Bu isə dayanıqlı inkişafı zəiflədir və gələcək nəsillərə mənfi təsir göstərir. Beynəlxalq humanitar hüququn silahlı münaqişələr zamanı ətraf mühitin qorunması üçün mühüm hüquqi çərçivə yaradır, onun effektivliyi milli səviyyədə tətbiqindən asılıdır".
Spiker Azərbaycanın təcrübəsində silahlı münaqişələrin ətraf mühit üçün yaratdığı dağıdıcı nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
"Otuz il davam etmiş işğal dövründə Azərbaycanın işğaldan zərər çəkmiş ərazilərinə genişmiqyaslı ekoloji ziyan vurulmuş, meşələr qırılmış, torpaqlar deqradasiyaya uğramış, su ehtiyatları çirkləndirilmiş, biomüxtəliflik məhv edilmiş və təbii sərvətlər qanunsuz istismar olunmuşdur".
Milli Məclisin sədri qeyd edib ki, bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı humanitar minatəmizləmə, ekosistemlərin bərpası, meşələrin salınması və yaşıl enerji layihələrini həyata keçirir.
Çıxışının sonunda Sahibə Qafarova bir daha beynəlxalq humanitar hüququn həyata keçirilməsini daha da gücləndirmək və gələcək nəsillər üçün daha təhlükəsiz və dayanıqlı bir gələcəyi təmin etmək məqsədilə birgə səyləri davam etdirməyə çağırıb.