3 minlik burun əməliyyatı əks effekt verdi - "Vip Milan"ın həkimi ilə bağlı yeni araşdırma
- Bu gün, 13:11
- 0
Qaynarinfo-nun məlumatına görə, araşdırma Sadiq adlı pasiyentin müraciəti əsasında klinikada qulaq-burun-boğaz (LOR) həkimi və estetik cərrah kimi fəaliyyət göstərən Rəşad Məmmədov barəsində aparılacaq.
Belə ki, ötən il Sadiq "Vip Milan” Hospitalda Rəşad Məmmədov tərəfindən burun əməliyyatı olunub və bunun üçün 3000 manat ödəniş edib. Lakin onun iddiasına görə, əməliyyat uğursuz keçdiyindən səhhətində ciddi fəsadlar yaranıb.
Pasiyent izahatında bildirib ki, burnunda çəpər əyriliyi olduğuna, nəfəs almaqda çətinlik çəkdiyinə və eyni zamanda estetik görünüşünü qismən yaxşılaşdırmaq istədiyinə görə əməliyyat olunmağa qərar verib. O qeyd edib ki, əməliyyatdan sonra vəziyyəti yaxşılaşmaq əvəzinə daha da pisləşib:
"Əməliyyat olunduğum gündən indiyə qədər burnum düzəlmək əvəzinə daha da pisləşib. Burnumun sağ tərəfi batıb, sol tərəfində isə gips açıldıqdan sonra yara izi və keyimə yaranıb. Əvvəlcə bunların əməliyyatdan sonrakı normal hallar olduğunu düşünürdüm. Artıq əməliyyatdan doqquz ay keçib. Buna baxmayaraq, burnumdakı izlər, ağrılar və keyimə məni ciddi narahat edir. Dəfələrlə həkimin qəbulunda olsam da, mənə heç bir problemin olmadığı və hər şeyin qaydasında olduğu bildirilib. Hazırda da burnumdakı ağrılar və keyimə hissi həm sağlamlığıma, həm də psixoloji vəziyyətimə mənfi təsir göstərir".
Məsələ ilə bağlı Nərimanov Rayon Prokurorluğu həkim barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edib.
Məhkəmədə Rəşad Məmmədov bildirib ki, 2025-ci ilin avqust ayından əmək müqaviləsi əsasında "Vip Milan” Hospitalda həkim-otorinolarinqoloq kimi çalışır. Onun sözlərinə görə, pasiyentin burnunda çəpər əyriliyi olduğundan xarici burun və burun çəpərinin korreksiyası əməliyyatı həyata keçirilib.
Həkim əlavə edib ki, əməliyyatdan sonra pasiyent ambulator nəzarətə götürülüb və ona müvafiq rejimə əməl etmək tövsiyə olunub. Rəşad Məmmədovun iddiasına görə, Sadiq bu tövsiyələrə əməl etməyib, burnunu soyuğa məruz qoyub və eynəkdən istifadə etdiyi üçün sonradan həmin problemlər yaranıb.
Prokurorluğun qərarı ilə razılaşmayan pasiyent Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə şikayəti təmin edərək həkim barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edib. İş materialları əlavə araşdırmanın aparılması üçün müvafiq istintaq orqanına qaytarılıb.
Qeyd edək ki, "VİP Milan" Hospitalın təsisçisi və direktoru Xuraman Muradovadır.