"KƏNDLİNİN BOĞAZINA KEÇİRİLƏN YENİ HALQA – SAYĞACLARLA TORPAQ YAŞAMAZ!""
- Dünən, 10:34
- 174
İndi kəndli üçün yaşamaq yox, sadəcə nəfəs almaq belə möcüzəyə çevrilib. Bazardakı kənd təsərrüfatı məhsullarının od tutub yanan qiymətlərinə baxanda insan yaxınlaşmağa qorxur.
Millət artıq dolanmaq üçün yox, sadəcə acından ölməmək üçün kartof-soğan alıb birtəhər gününü yola verir.
Və bütün bu rəzalətin fonunda yuxarı kürsülərdə əyləşən məmurlar, aidiyyəti qurumlar çıxıb utanmadan bəyanat verirlər:
"Qiymətlər süni şəkildə artırılır!"
Maraqlıdır, bu qiymətlər necə süni artırılır? Gözünüzü kor, qulağınızı kar etmisiniz?
Kənd təsərrüfatı ilə məşğul olan kənd sakini nə etməlidir? Torpağı əkmək, məhsulu becərmək üçün hər addımda pul ödənilir! Sahəni sulamaq üçün su tapılmır, tapılanda da hər damlası qızıla bərabər qiymətə satılır.
Bu gün ölkədə kəndlini və kənd təsərrüfatını dirçəltmək əvəzinə, sanki onu tamamilə məhv etmək üçün xüsusi bir plan işə düşüb. Hər addımbaşı, hər qarış torpaqda qarşımıza bir sayğac çıxır.
Quyu qazırsan – sayğac vururlar!
Su arxından su götürürsən – sayğac qoyurlar!
Kanaldan su gəlir – sayğacla ölçürlər!
Bir o qalıb ki, gəlib insanın boğazına da bir sayğac bağlasınlar ki, aldığımız hər nəfəsə görə də rüsum ödəyək! Paytaxtın küçələrində harda boş yer görürsə, köhnə boyalarla xətləyib milləti soyan "Azparking" hansı prinsiplə işləyirsə, bu gün "Azersu" və digər aidiyyəti su təsərrüfatı qurumları da eyni rəzil sistemə keçib.
Kim hardan, necə və hansı haqla bir damla su tapırsa, rəsmi talançılar dərhal sayğacla başının üstünü kəsdirir.
Belə bir dözülməz şəraitdə kənd sakini nə etsin? Necə eksin, necə becərsin?
Gübrə od qiymətinə, yanacaq od qiymətinə, su sayğacla və bahalı. Kəndli gecəsini gündüzünə qatıb can qoyduğu məhsulu hansı qiymətə satsın ki, qazancını keçdik, heç olmasa suyun, işığın, torpağın borcu altında əzilməsin?
Qiyməti qaldıranda şəhərdəki kasıb ala bilmir, qiyməti qaldırmayanda kəndli borc içində boğulur, müflis olur, torpağını atıb qaçır. Bəs bu absurd zəncirin sonu hara gedir?
Açıq görünür ki, bu ölkədə kənd təsərrüfatına, qiymət siyasətinə və ən əsası, monopolist qurumların özbaşınalığına qarşı heç bir nəzarət mexanizmi yoxdur!
Hər qurum öz kefində, öz çağındadır.
Hər idarə rəhbəri rəhbərlik etdiyi sahəni öz şəxsi feodal mülkü hesab edir. Kəndlinin canı çıxır, torpaq quruyur, ölkə idxaldan asılı vəziyyətə düşür, amma bu qurumların dərdi ancaq və ancaq yeni rüsumlar, yeni qadağalar və yeni sayğaclar uydurmaqdır.
Bu gedişlə ölkə kənd təsərrüfatının tamamilə iflasına doğru gedir. Əgər bu gün kəndlinin boğazındakı o "sayğac zənciri" boşaldılmasa, sabah bazarlarda nə kartof tapılacaq, nə soğan.
Qurumların bu "kef" dövrünə son qoyulmalıdır, əks halda bu xalqın və kəndlinin ahı o rahat kürsülərinizi başınıza uçuracaq!
Sima Babayeva
TEREF