Telefon fırıldaqçılarının əsas "silahı" açıqlandı: Bu üsul niyə həmişə işləyir?
- Dünən, 18:00
- 0
"Journal of White Collar and Corporate Crime" jurnalında dərc olunan araşdırmaya görə, bu sxemlərin effektivliyi mürəkkəb texnologiyalarda deyil, psixoloji təzyiq və manipulyasiyada gizlidir.
Tədqiqatda qeyd olunur ki, 2025-ci ilin ilk yarısında dünyada 2,09 milyondan çox fırıldaqçılıq hadisəsi qeydə alınıb. Bu halların böyük hissəsi Hindistandakı zəng mərkəzləri ilə əlaqələndirilir, əsas hədəf kimi isə Şimali Amerika, Avropa və Cənub-Şərqi Asiya sakinləri göstərilir.
Fırıldaqçılar adətən sosial mühəndislik üsullarından istifadə edirlər. Onlar özlərini böyük texnologiya şirkətlərinin və ya texniki dəstək xidmətlərinin əməkdaşları kimi təqdim edir, qurbanlarda təcili təhlükə hissi yaradır və tələsik qərar verməyə məcbur edirlər.
Ən çox istifadə olunan üsullar arasında:
* özlərini "Microsoft Windows" və ya digər tanınmış şirkətlərin nümayəndəsi kimi təqdim etmək;
* kompüterin yoluxduğu barədə saxta xəbərdarlıq pəncərələri göstərmək;
* "ciddi problem” barədə telefon zəngləri etmək;
* uzaqdan giriş proqramlarının quraşdırılmasını tələb etmək;
* istifadəçiləri pul köçürməyə və ya şəxsi məlumatlarını paylaşmağa məcbur etmək.
Tədqiqatın aparıcı müəllifi doktor Pol Qilmor bildirib ki, bu cinayətlərin əksəriyyəti texniki baxımdan mürəkkəb deyil.
Onun sözlərinə görə, əsas vasitə qorxu və inamın manipulyasiyasıdır: əvvəlcə insanda kritik problem olduğu hissi yaradılır, daha sonra isə psixoloji təzyiqlə tələsik qərar verməyə sövq edilir.
Araşdırmada həmçinin qeyd olunur ki, bu cür zəng mərkəzlərinə tez-tez gənclər işə götürülür və onların bir qismi fəaliyyətin qanunsuz olduğunu belə bilməyə bilər.
Mütəxəssislər bildirirlər ki, bu sistemdə qeyri-rəsmi bir qayda da mövcuddur: işçilər adətən öz ölkələrindən olan insanları aldatmamağa çalışırlar.
Alimlər vurğulayırlar ki, bu cür fırıldaqçılıqdan qorunmağın əsas yolu maarifləndirmədir. Qeyd edilir ki, "Microsoft" və digər böyük şirkətlər heç vaxt istifadəçilərə əvvəlcədən müraciət etmədən zəng etmir və uzaqdan giriş tələb etmir.Qaynarinfo