Tahir Budaqov mətbuatı saymır - Sorğular cavabsız qalır...

Cəmiyyət

Nəsimi Rayon İcra Hakimiyyəti media nümayəndələrinin rəsmi sorğularını cavablandırmaqdan imtina edib. Bu isə rayonda baş verən hadisələrin araşdırılması və ictimaiyyəti narahat edən məsələlərin aydınlaşdırılması baxımından ciddi suallar yaradır.

Bizimesr.com bildirir ki, Nəsimi rayonu ərazisində aparılan tikinti işləri, o cümlədən qanunsuz olduğu iddia edilən tikintilərlə bağlı dəfələrlə rayon rəhbərliyinə rəsmi sorğular göndərir, amma sorğuların heç birinə cavab verilmir.

Ən təəssüf doğuran məqam isə odur ki, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov və rayonun memarı Ələsgər Rüstəmov ictimai maraq doğuran suallara münasibət bildirməkdən yayınırlar. Halbuki dövlət qurumlarının fəaliyyəti şəffaf olmalı, media sorğuları isə qanunvericiliyin tələblərinə uyğun olaraq cavablandırılmalıdır.

Rayon ərazisində son dövrlər tikinti işlərinin sürətlə artdığı müşahidə olunur. Bəzi ünvanlarda tikinti lövhələrinin olmaması, icazələrin mövcudluğu ilə bağlı yaranan suallar və vətəndaş müraciətləri araşdırma aparılmasını zəruri edir. Lakin məsul şəxslərin susqunluğu həm mediada, həm də cəmiyyətdə haqlı narazılıq yaradır.

Susmaq problemləri aradan qaldırmır. Əksinə, cavabsız qalan hər sual qanunsuzluqlarla bağlı şübhələri daha da artırır. Dövlət qurumlarının ictimaiyyət qarşısında hesabatlı olması hüquqi dövlətin əsas prinsiplərindən biridir və bu prinsipə əməl olunması hər bir vəzifəli şəxsin borcudur.

Redaksiyamız qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.

Bizimesr.com