"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
- Bu gün, 11:36
- 134
Yoxlamaların AZAL-ın nüfuzuna zərər vurmaması üçün ictimaiyyətdən gizli saxlanıldığı və işin geniş ictimaiyyətə açıqlanmadan daxildə həll olunmasına çalışıldığı bildirilir.
Hava limanındakı mənbənin “Gündəlik Naxçıvan”a bildirdiyinə görə, Naxçıvan istiqaməti üzrə bilet satışını həyata keçirən “Silk Row Travel” MMC-nin 2024-cü ildə satdığı biletlərdən əldə olunan təxminən 40 milyon manat vəsait Naxçıvan Hava Limanının yenidənqurma işlərinə və digər xərclərinə ayrılıb.
Mənbə iddia edir ki, həmin vəsaitin təxminən 25 milyon manatı real işlərə xərclənməyib, saxta sənədlərlə silinib. İddiaya görə, əvvəlki illərdə görülmüş işlər sonradan yeni iş kimi rəsmiləşdirilib, mövcud texnika və avadanlıqlar isə sənədlərdə yenidən alınmış kimi göstərilib.
Mənbə deyir ki, yoxlamalarda əsasən vəsaitin hara xərcləndiyi və kimlərin bu prosesdə iştirak etdiyi araşdırılır:
“Yoxlamalarda əsas məsələ həmin vəsaitin hara silindiyi və kimlər arasında bölündüyüdür. Pul guya Naxçıvan Hava Limanında yenidənqurma işlərinə ayrılıb. Amma realda ciddi iş görülməyib. Əvvəlki illərdə görülən işlər elə sənədləşdirilib ki, guya bu işlər 2024-cü ildə ayrılan vəsait hesabına görülüb. Mövcud texnika və avadanlıqlar da sənəd üzərində yenidən alınıb. Bu işdə hava limanının direktoru Salman Məmmədlinin və AZAL-ın digər vəzifəli şəxslərinin adı hallanır”.
Mənbənin sözlərinə görə, saxta sənədləşmə yalnız ümumi yenidənqurma işləri ilə məhdudlaşmayıb:
“Mühafizə çəpəri ilə bağlı da eyni üsuldan istifadə olunub. Çəpər standarta uyğun olmayıb, sadəcə hündürlüyü 60 santimetr artırılıb. Amma sənədlərdə guya 2 kilometr yeni çəpər çəkildiyi göstərilib. Şlaqbaum sistemi, yanacaq sərfiyyatı və işçilərin geyim formaları ilə bağlı da oxşar saxtalaşdırmalar var”.
Mənbə saxta sənədləşməyə nümunə kimi hava limanındakı masaj kreslolarını da göstərir:
“Hava limanının gözləmə zallarında olan masaj kresloları 2017-ci ildə alınmışdı. 2019-cu ildə üzlükləri cırıldığı və yararsız vəziyyətə düşdüyü üçün balansdan silinib zirzəmiyə qoyulmuşdu. Sonradan Salman Məmmədlinin köməkçisi Murad Hüseynov həmin kresloları təmir etdirib, guya yeni alınmış kimi sənədləşdiriblər. Hər bir kreslo 7 min 215 manatdan yenidən uçota alınıb.
Bu cür saxtalaşdırmalar təkcə masaj kresloları ilə bağlı deyil. Oturma divanları, stol-stullar və digər avadanlıqlar da sənədlərdə yenidən alınmış kimi göstərilib”.
Mənbə əlavə edir ki, yoxlamalar başlayandan sonra hava limanının direktoru Salman Məmmədlinin mənzilini satışa çıxardığı bildirilir:
“Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb. Maklerə də deyib ki, təmiri saxlayın, evi o vəziyyətdə satın. İşi rüşvətlə bağlamaq istəyir.”.
Bundan əvvəl “Gündəlik Naxçıvan” Naxçıvan Hava Limanında bilet satışı ilə bağlı yoxlamaların aparıldığı və bilet satışına məsul olan 4 əməkdaşın saxlanıldığı barədə məlumat yaymışdı.
Həmin vaxt hava limanındakı mənbə bildirmişdi ki, bilet satışı ilə bağlı yoxlamalarda 2 milyon 135 min manat yeyinti aşkarlanıb.
Mənbə iddia etmişdi ki, bilet satışından yığılan pulların bir hissəsi hava limanının rəhbərliyinə çatdırılıb. Onun sözlərinə görə, təkcə aviakassadan hava limanının direktoru Salman Məmmədliyə aylıq 13 min manat pay verildiyi bildirilir.(Gündəlik Naxçıvan)