Şıxlinski və oğlu barədə yekun qərar verildi

Cəmiyyət

Uralda Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski və onun oğlu Mutvalı Şıxlinski barəsində çıxarılan məhkəmə hökmündən verilən apellyasiya şikayətinə baxılıb.

Sverdlovsk Vilayət Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlayıb.

Xatırladaq ki, cari ilin aprel ayında məhkəmə ata və oğulu hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə təqsirli bilib. Məhkəmənin hökmü ilə Şahin Şıxlinskiyə 9 il ciddi rejimli, oğlu Mutvalı Şıxlinskiyə isə 8 il ümumi rejimli həbs cəzası kəsilib.

Qeyd edək ki, diasporun keçmiş rəhbəri bundan əvvəl başqa bir cinayət işi üzrə - iş adamının qətlində və öz soydaşına qarşı sui-qəsddə təqsirli bilinərək 22 il müddətinə ciddi rejimli həbs cəzasına məhkum edilmişdi. Sonuncu qərarla birlikdə, cəzaların toplanması prinsipinə əsasən, Şahin Şıxlinskinin qəti cəzası 24 il azadlıqdan məhrumetmə olaraq müəyyən edilib.