Dənizləri fəth edən azərbaycanlı Tahir Qarayev Avropa İttifaqının kabusuna çevrilib
- Bu gün, 12:08
- 0
Xalqxeber.az "Poliqon"a istinadən bildirir ki, beynəlxalq sularda irimiqyaslı daşımalarla məşğul olan həmyerlimiz, oliqarx Tahir Qarayevlə bağlı xarici mediada neqativ məzmunlu məlumatlar yayılıb.
Təəssüf hissi ilə qeyd etməliyik ki, bir zamanlar dənizçilik sektorunun parlaq simalarından biri kimi tanınan, sürətlə yüksələrək biznes aləmində özünəməxsus yer tutan gənc oliqarxın adının qısa müddət ərzində müxtəlif qalmaqallı və şübhəli əməliyyatlarda hallandırılması məyusedici təəssürat yaradır.
Apardığımız araşdırma nəticəsində onun qeyri-qanuni fəaliyyətlərə cəlb olunması ilə bağlı iddiaların mümkün mexanizmlərini və irəli sürülən ittihamların mahiyyətini müəyyənləşdirməyə çalışdıq.
Bəri başdan vurğulayaq ki, burada yer alan məlumatlar Qərb mediasında dərc olunmuş iddialara əsaslanır. Eyni zamanda, Tahir Qarayevə məxsus olduğu bildirilən və ya onunla əlaqələndirilən şirkətlər tərəfindən bu informasiyalarla bağlı indiyədək hər hansı rəsmi təkzib və ya açıqlama verilməyib.
Tahir Qarayevin idarə etdiyi "Coral Energy" (2Rivers Group) şəbəkəsinin Qərb sanksiyalarından və xüsusilə Rusiya neftinə tətbiq edilən qiymət tavanından yan keçmək üçün Honq-Konq və Liberiya kimi offşor zonaların hüquqi boşluqlarından aktiv şəkildə istifadə etdiyi iddia olunur. Beynəlxalq araşdırma hesabatlarında və Avropa İttifaqının rəsmi sanksiya sənədlərində bu iki zonanın rolu belə təsvir edilir:
Qərb mediası Kharon analitik mərkəzinin data araşdırmalarına istinadən bildirir ki, Honq-Konq cənab Qarayevin şəbəkəsi üçün Avropa bank sisteminə alternativ maliyyə kanalı rolunu oynayıb. Burada qeydiyyatdan keçmiş bir günlük formal treyder və logistika şirkətləri yaradılıb. "Rosneft"dən alınan neftin sənədləri Honq-Konq offşorlarında yenidən rəsmiləşdirilərək onun Rusiya mənşəli olmadığı görüntüsü yaradılıb.
Avropa İttifaqı da məhz bu ssenarilərin qarşısını almaq üçün son sanksiya paketində Tahir Qarayevlə bərabər, onunla əlaqəli olan və Honq-Konqda yerləşən bir neçə gəmiçilik və ticarət şirkətini də birbaşa qara siyahıya salıb.
Tahir Qarayevin Aİ-nin siyasi və iqtisadi maraqlarını güdən nəzarət mexanizmlərindən yayınmaq üçün istifadə etdiyi priyomlarından biri də Liberiya “sığınacağıdır”.
Liberiya dünyada dəniz nəqliyyatında gəmilərin ən çox qeydiyyata alındığı offşor yurisdiksiyalardan biridir. Qarayevə bağlı olan və Avropa sanksiyalarından yayınaraq Rusiya neftini daşıyan onlarla yaşlı tanker Liberiya bayrağı altında qeydiyyatdan keçirilib. Liberiyadakı dənizçilik offşor qaydaları gəminin real sahibinin (benefisiarının) adını gizli saxlamağa imkan verir.
The Wall Street Journal nəşrinin araşdırmasına görə, Qarayevin şəbəkəsi "Gatik Ship Management" və "Buena Vista Shipping" kimi formal operatorlar vasitəsilə 100-dən çox gəmini məhz bu yolla idarə edib.
Aİ və Britaniya rəsmiləri bu sxemi ifşa edərək, “Splash247” dənizçilik nəşrinin verdiyi məlumata görə, Liberiyada qeydiyyatda olan və Qarayev şəbəkəsinə xidmət edən gəmiçilik strukturlarını bloklayıb. Nəticədə həmin gəmilərin beynəlxalq sığortası ləğv edilib və dəniz hərəkətləri məhdudlaşdırılıb.
Lakin oliqarx həmyerlimizin fərasəti bunula da məhdudlaşmır. Sözün əsl mənasında “Dənizlər Osminoqu” olan gənc oliqarx “qolları”nı Afrika və Asiya coğrafiyasının müxtəlif istiqamətlərinə qədər uzada bilib. Ticarət dahisi Qarayevin yeraltı, bəlkə də dənizaltı şəbəkəsinin son vaxtlar Honq-Konq və Dubaydakı sıxışdırılmalardan sonra sanksiya təzyiqini azaltmaq üçün fəaliyyətini qismən Qərbi Afrikaya keçirməyə çalışdığı, Africa Intelligence araşdırmasında "Safira Global Trading" kimi yeni törəmə strukturlardan istifadə etdiyi iddia olunur.
Tahir Qarayevin idarə etdiyi "kölgə donanması" (shadow fleet) şəbəkəsinin beynəlxalq sanksiyalardan yan keçmək və Rusiya neftini izlənmədən daşımaq üçün istifadə etdiyi AIS (Avtomatik İdentifikasiya Sistemi) manipulyasiya fəndləri qlobal dənizçilik təşkilatları və Qərb kəşfiyyatı tərəfindən tam ifşa edilib. İddia “Splash247” dənizçilik nəşrinə məxsusdur.
Qərbin dəniz təhlükəsizliyi araşdırmalarında qeyd olunan əsas fəndlər və onların işləmə mexanizmləri aşağıdakılardır:
1. Qaranlıq Səyahət Mexanizmi (Dark Voyage / Spoofing) - Gəmilər Rusiya limanlarına (məsələn, Primorsk və ya Novorossiysk) yaxınlaşarkən AIS transponderlərini tamamilə söndürürlər. Məqsəd tankerin Rusiyaya daxil olması, orada neft yükləməsi və çıxması rəsmən dəniz radarlarından gizlədilir. Gəmi sistemdə bir neçə gün "yoxa çıxır" və yenidən göründükdə artıq beynəlxalq sularda tam yüklü vəziyyətdə olur.
2. Coğrafi Siqnal Saxtakarlığı Mexanizm (AIS Spoofing) - Gəminin göyərtəsindəki xüsusi proqram təminatı vasitəsilə peyk sistemlərinə saxta koordinat məlumatları ötürülür. Gəmi real vaxtda Rusiya limanında neft yüklədiyi halda, onun ötürdüyü AIS siqnalı gəminin guya Şimal dənizində və ya Aralıq dənizində boş və hərəkətsiz dayandığını göstərir.
3. Gəmidən Gəmiyə Gizli Yükləmə Mexanizmi (STS - Ship-to-Ship Transfer) - Rusiya nefti ilə dolu tanker beynəlxalq sulara (əsasən Yunanıstan sahili, Cəbəllütariq və ya Laturka yaxınlığı) gəlir. Hər iki gəmi AIS sistemini söndürərək gecə vaxtı nefti digər bir sanksiyasız tankerə ötürür. Nefti qəbul edən yeni gəmi öz AIS-ini yandırır və sənədlərdə neftin mənşəyini "açıq dənizdə naməlum mənbədən götürülmüş" kimi rəsmiləşdirilir və tanker Çin və ya Hindistana yola düşür.
4. Rəqəmsal Kimlik Dəyişdirmə Mexanizm (Identity Laundering) - Şəbəkəyə daxil olan gəmilər dənizdə hərəkət edərkən köhnə, istismardan çıxmış və ya sökülmüş digər gəmilərin IMO nömrələrini və çağırış siqnallarını öz AIS sistemlərinə daxil edirlər. Beynəlxalq nəzarət orqanları radar ekranında sanksiyalı bir tankeri deyil, tamamilə leqal və təmiz keçmişi olan başqa bir gəmini görürlər.
Sözsüz ki, belə bir nəhəng miqyasın öhdəsindən gəlmək fövqəladə bir zəka və iti fərasət diktə edir.
Oliqarx həmyerlimizin öz intellektual dühasını bu məcraya yönəltməsi isə zənnimizcə, şərtlərin doğurduğu bir məcburiyyətdir.
Avropa idarəetmə institutlarının korporativ maraqlar naminə onların iradəsinə boyun əyməyən hökumətləri və şirkətləri hədəf alması, qərəz və ədalətsizlik tirajlaması ilk dəfə qarşılaşdığımız mənzərə deyil.
Əcəba, Avropa İttifaqı özünü dənizlərin amansız tanrısı Poseydonmu zənn edir? Amma görünür ki, Avropa İttifaqı özünü Poseydonun zəhmi ilə silahlandırsa da, qarşısında güclə deyil, müdriklik və hiylə ilə qalib gələn "Afina zəkası" ilə üzləşib...