Turizm Agentliyi evlərin təmir bərpa qiymətini şişirtməkdə davam edir – Əvvəl Xınalıqda, indi də Lahıcda

Cəmiyyət

Dövlət Turizm Agentliyi tərəfindən “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində olan 2 fərdi yaşayış evinin bərpa və gücləndirilməsi işlərinin satın alınması üzrə 03.03.2026-cı ildə başladılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi “AZSUR GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 295.000 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.  Məlumat satınalmalarının vahid internet portalında 19.06.2026-cı il tarixdə dərc edilib.
Şərtlər toplusuna görə “AZSUR GROUP” MMC “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində olan 2 fərdi yaşayış evində döşəmə örtüklərinin sökülməsi: taxtadan, döşəmə örtüklərinin sökülməsi: daş parçasından (Tikilinin çay daşından olan döşəməsinin (anbar və giriş hissə) və Yardımçı hissədə Tikilinin çay daşından olan döşəməsinin sökülməsi), Taxta arakəsmələrin sökülməsi:təmiz lövhəşəkilli,taxtadan (Eyvanda diktdən olan taxta məhəccərin sökülməsi), Divarların hasarlayıcı konstruksiyalarının sökülməsi: binanın hündürlüyü 30m-ə qədər olduqda,profillənmiş vərəqdən (Məhəccərə birləşdirilmiş metal lövhələrdən ibarət örtük qatının sökülməsi) Dam örtüyünün sökülməsi:vərəqşəkilli poladdan (Metal lövhələrdən ibarət örtük qatının sökülməsi) və sair bu kimi təmir işlərini həyata keçirməlidir.
Göründüyü kimi Dövlət Turizm Agentliyi 2 fərdi yaşayış evinin bərpa və gücləndirilməsi işlərinə nə az, nə də çox, üç yüz min manata yaxın vəsait ayırıb. İki fərdi yaşayış evinin bərbasına ayrılmış vəsaitin şişirdildiyi burada açıq aşkar görsənməkdədir. Bunun üçün nə tikinti mühəndisi olmağa, nə də maliyyəçi olmağa kərək qalmır.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi hələ 2024-cü ildə “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda qəzalı evlərin təmiri və bərpası (44 ev) işlərinin satın alınması üzrə “MAQRO CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı fililalı ilə 4 397 618.1 manat məbləğində satınalma müqaviləsi bağlamışdı. Burada MMC-nin Xınalıq kəndindəki qəzalı evlərin birini təxmini hesablamalarımıza görə 99 945 manata  bərpa edəcəyini hələ 2025-ci ildə açıqlamışdıq.
Ümumiyyətlə isə Turizm Agentliyi 2021-2024-cü illərdə yalnız Xınalıq kəndindəki qəzalı evlərin (44+16) bərpasına ümumi olaraq 8 688 715 manat dəyərində vəsait ayıraraq 4 satınalma müqaviləsi bağlayıb. Burada isə bir fərdi yaşayış evinin bərpasına 140 min manatdan çox dövlət vəsaitinin ayrıldığı görsənir.
Amma buna baxmayaraq 2025-ci ilin iyununda mediya açıqlama verən Xınalıq sakini Namiq Əhmədov bildirmişdi ki, “Xınalıqdan, Quba şəhərindən illər öncə köçüb gedən 4 nəfərin evi bərpa olunub. Kəndi tərk etməyən sakinlərin qəzalı evləri isə uçub dağılır. İllərdir gözləyirik. Dəfələrlə Dövlət Turizm Agentliyinə müraciətlər etmişəm. Hər dəfəsində də şablon, anlamadığım dildə cavablar verilir”.
Göründüyü kimi, Dövlət Turizm Agentliyi istər Xınalıq kəndindəki fərdi evlərin, istərsə də Lahıcdakı evlərin bərpasına kifayət qədər iri məbləğlərdə dövlət vəsaitləri xərcləyir. Amma bu vəsaitlərin təyinatı üzrə xərclənib xərclənməməsi nədənsə araşdırılmır, ictimaiyyətə açıqlama verilmədiyindən şübhələri daha da artırmış olur.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 4 mart 2025-ci ildə Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilmişdi. Bundan sonra mediada Fuad Nağıyevə şiddətli töhmət verilməsi onun rəhbərlik etdiyi qurumdan xidməti yazışmaların sızdırılması ilə bağlı xəbərlər yer aldı. Bütün bunlara baxmayaraq mediada və sosial şəbəkələrdə Dövlət Turizm Agentliyinin fəaliyyəti ilə bağlı narazılıqlar səngimir, daha da çoxalır.
 
Aktualinfo.net