Azərbaycanda sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur
- Bu gün, 11:50
- 0
2025-ci ildə Azərbaycanda sosialyönümlü xərclərin məbləği və dövlət büdcəsindəki payı artıb, aparılan təhlillər sosialyönümlü xərclərin tərkibinə yenidən baxılmasının zəruriliyini göstərib.
Bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənəddə deyilir ki, 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata əsasən, ötən il sosialyönümlü xərclər dövlət büdcəsi xərclərinin 39,5 %-i qədər və yaxud 15 milyard 254,2 milyon manat icra olunub ki, bu da 2024-cü illə müqayisədə 4,1 % çoxdur.
"Müsbət haldır ki, 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatda sosialyönümlü xərclərin tərkib elementləri 2025-ci ilin dövlət büdcəsinin layihəsi ilə bağlı təqdim edilmiş İzahatdakı komponentlərlə uyğunlaşdırılıb, əhalinin icbari tibbi sığortalanması və səhiyyə sahəsində dövlət proqramları və tədbirlərinin icrası, kommunal, kommunikasiya xidmətləri və digər tədbirlərlə bağlı xərclər sosialyönümlü xərclərə daxil edilib.
Bununla yanaşı, təhlillərimiz əvvəlki rəylərimizdə də bildirdiyimiz kimi, sosialyönümlü xərclərin tərkibinə daxil edilə biləcək digər xərc istiqamətlərinin də olduğunu göstərir ki, bu da sosialyönümlü xərclərin məbləğinin qeyd olunandan daha artıq olduğunu deməyə imkan verir. Məsələn, yararsız və qəzalı hala düşmüş binalardan köçürülmüş sakinlərə kirayə haqqının ödənilməsi, işğaldan azad edilmiş ərazilərdə ödənilmiş kommunal xidmətlərə və məcburi dövlət sosial sığorta haqlarına görə 10 il müddətinə dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımının göstərilməsi və s. kimi xərclər də mahiyyət etibarilə sosialyönümlü hesab edilə bilər", - deyə Rəydə qeyd olunub.