Bakının Avtobus İşgəncəsi: Kağız Üzərində İşləyən AYNA!

Cəmiyyət

Paytaxtın ictimai nəqliyyat sistemi artıq sadəcə bərbad vəziyyətdə deyil, bu sistem vətəndaşların əsəblərini, sağlamlığını və insani ləyaqətini hər gün ayaqlar altına atan bir rəzalət mərkəzinə çevrilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) isə bu rəzaləti sadəcə kənardan izləyir.
Camaatın cibini soymaq üçün şəhərin hər küncünü pullu parking xətləri ilə bəzəməyi mükəmməl bacaran bu qurum, nədənsə marşrut xətlərindəki biabırçılıqlara gələndə kor, kar və lallıq nümayiş etdirir.
AYNA-nın fəaliyyəti deyilən quru anlayış, görünür, yalnız rəngli boyalarla asfaltı xətləməkdən və cərimə yazmaqdan ibarətdir!
​Hər gün pik saatlarda eyni kabusu yaşayırıq: gəlmək bilməyən marşrutlar, süni şəkildə uzadılan intervallar və dayanacaqlarda çürüyən yüzlərlə sərnişin.
Nəhayət, avtobus gələndə isə içəri daxil olmaq yox, birtəhər "soxulmaq" lazım gəlir. İnsanlar salonlarda elə basırıq, elə bir-birinin kürəyinə sıxılmış vəziyyətdə gedirlər ki, nəinki tərpənmək, nəfəs almaq belə möcüzəyə çevrilir.
AYNA rəhbərliyinin masa arxasında oturduğu yerdən bəh-bəhlə elan etdiyi "optimallaşdırma" və sərnişin daşınması islahatlarının acı reallığı bax budur: xaos, əsəb və keyfiyyətsizlik.
​Qaydalara, qanunlara əsasən iyunun 1-dən etibarən bütün avtobuslarda kondisionerlər mütləq şəkildə qoşulmalı idi.
Amma qanunu kim sayır, AYNA-ya kim tabe olur?
Dünən şəxsən özüm 61 və 79 nömrəli marşrut xətlərində oldum. Qarşılaşdığım mənzərə sözün əsl mənasında dəhşət idi! Kondisioner deyilən şeydən əsər-əlamət yoxdur.
Avtobusun içi 40 dərəcəlik isti qazanını xatırladır. İnsanlar bərbad havasızlıqdan boğulur, təzyiqi olan yaşlılar, azyaşlı uşaqlar hər an huşunu itirmək, infarkt keçirmək təhlükəsi ilə üz-üzə qalırlar. Vətəndaşın sağlamlığı daşıyıcı şirkətlərin yanacaq pullarına qənaət ambisiyalarına qurban verilir!
​Bu dözülməz vəziyyətlə bağlı AYNA-nın Mətbuat xidmətinin rəhbəri Tural bəylə əlaqə saxladıq. Aldığımız cavab isə hər il verilən, artıq hamını bezdirən şablon və məsuliyyətdən qaçan kağız parçası cavabından başqa bir şey deyil:
​"Hər il olduğu kimi, bu il də yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilib.
Daşıyıcılara zəruri hazırlıq tədbirlərinin görülməsi barədə tapşırıq verilib. Bu il də havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün soyutma və havalandırma sistemlərinin texniki cəhətdən işlək vəziyyətdə saxlanılması, hava şəraitinə uyğun tənzimlənməsi tapşırılıb."
​Bu açıqlama dövlət qurumunun öz acizliyini və səriştəsizliyini etiraf etməsindən başqa bir şey deyil! Bu cavabdan açıqca bəlli olur ki, AYNA rəhbərliyi üçün fəaliyyət sadəcə daşıyıcılara məktub göndərib "vəzifəni icra etdim" deməkdən ibarətdir. Bəs nəzarət mexanizmi haradadır?
Sən rəsmi qurum olaraq tapşırıq verirsən, amma daşıyıcı şirkət sənin tapşırığına tamamilə məhəl qoymur, sərnişini istidə qovurur və sən buna seyirci qalırsan!
​Belə çıxır ki, AYNA rəhbərliyinə öz verdiyi tapşırıqların icra olunub-olunmaması ümumiyyətlə maraqlı deyil. Şirkətlər özbaşına, idarəçilik bərbad, qurum isə məsuliyyətsizdir!
Əgər sizin sözünüzün daşıyıcı qarşısında bir çəkisi yoxdursa, əgər göndərdiyiniz məktublar sadəcə kağız üzərində qalırsa, onda siz o kreslolarda niyə əyləşmisiniz?
​Gediş haqlarını qaldırmağa gələndə "avtobus parkı yenilənir, xidmət keyfiyyəti artırılır" nağıllarını danışanlar, bu gün milləti avtobuslarda heyvan kimi daşıtdırırlar.
Vətəndaş gediş haqqını qəpiyinə kimi ödəyirsə, qarşılığında normal, insani xidmət tələb etmək hüququna malikdir. AYNA rəhbərliyi hesabatlarda virtual uğurlar bəzəməyi buraxmalı, xətlərə çıxıb millətin hansı zilləti çəkdiyini gözləri ilə görməlidir.
Tələbimiz qətidir: qaydalara əməl etməyən, kondisioneri yandırmayan daşıyıcılar rəsmi məktubla yox, ən ağır sanksiyalar və xətlərin əllərindən alınması ilə cəzalandırılmalıdır! Biz bəhanə yox, nəticə gözləyirik!
Sima Babayeva
TEREF