Azərbaycan - İtaliya münasibətləri inkişafdadır

Cəmiyyət

 
Azərbaycan tarixi Zəfərindən sonra beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirdi. Ölkəmiz müstəqil xarici siyasətinin davamı olaraq region və dünya dövlətləri ilə əlaqələrini bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında uğurla inkişaf etdirdi. Bu gün Azərbaycan müəllifi olduğu qlobal layihələri reallaşdıraraq dünyada etibarlı tərəfdaşlıq nümunəsi yaradıb.
Azərbaycan Qərbin enerji təhlükəsizliyi və iqtisadi siyasətində də önəmli mövqedə dayanır. Azərbaycan dünyanın, o cümlədən Avropanın enerji təhlükəsizliyində oynadığı rola görə hər zaman diqqət mərkəzində olub. Bu gün isə dünyada baş verən geosiyasi hadisələr ölkəmizi artıq regionun enerji mərkəzinə çevirib.
Azərbaycanın strateji tərəfdaşlığı uğurla davam etdiyi ölkələrdən biri də İtaliyadır. Azərbaycan və İtaliya arasında ikitərəfli əməkdaşlıq getdikcə genişlənir. Əməkdaşlığın əsas hissəsini enerji və ticarət təşkil etsə də, iki ölkə arasında təhsil, səhiyyə və digər bir çox sahələrdə yeni əlaqələrin qurulması və inkişafı xüsusi yer  tutur.
Mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni mətbuata bəyanatında bu səfərin Azərbaycan-İtaliya dostluq əlaqələrinin inkişafına növbəti töhfə olacağına əminliyini bildirib. Qeyd edilib ki, Azərbaycan və İtaliya strateji tərəfdaşdırlar,  2014-cü və 2020-ci illərdə ölkələrimiz arasında strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanıb. 
Hazırda iki ölkə arasında siyasi əlaqələr ən yüksək səviyyədədir. Eyni zamanda, ticarət əlaqələri də çox yaxşı vəziyyətdədir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Prezident İlham Əliyevin bildirdiyi kimi “Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq”.
İki dövlət arasında yeni əməkdaşlıq sahəsi olan hərbi-texniki əməkdaşlıq ümidvericidir. Görüşlər zamanı bu barədə də danışılıb. Birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlər müzakirə edilib.
Qeyd edilib ki, İtaliya bazarı ölkəmiz üçün çox maraqlıdır.  Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Görüşlərdə bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə olunub.
Bildirilib ki, İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var. Hazırda ölkəmizdə İtaliyanın 130-a yaxın şirkəti   fəaliyyət göstərir. O cümlədən, işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir. 
Müzakirə edilən sahələrdən biri də təhsil sahəsi olub. Bildirilib ki,   keçən il Bakıda İtaliya-Azərbaycan Universiteti açılıb. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar.  
Azərbaycanın son illərdə Avropanın inkişaf etmiş ölkələri ilə münasibətlərinin daha da möhkəmlənməsi ölkəmizin gələcək inkişafı üçün etibarlı zəmin yaradır.
 
Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı