İtaliya ilə əlaqələr Azərbaycanın xarici siyasətində xüsusi yer tutur

Cəmiyyət

 
Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrinin yüksələn xətlə inkişafı qarşılıqlı səfərlərin dinamikliyində, Prezident İlham Əliyevin iştirak etdiyi beynəlxalq tədbirlərin say tərkibində özünün aydın ifadəsini tapır. Mayın 4-də İtaliyanın Nazirlər Şurasının sədri Corciya Meloninin ölkəmizə rəsmi bunun bariz nümunəsidir. 
Azərbaycan ilə İtaliyanı möhkəm dostluq ənənələrinə və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq birləşdirir. İtaliya Azərbaycanın xarici siyasətində xüsusi yer tutur və Avropa İttifaqı ölkələri arasında onun əsas tərəfdaşıdır. Azərbaycan Prezidenti və İtaliyanın Baş nazirinin təkbətək və geniş tərkibdə görüşlərində, eyni zamanda, mətbuata bəyanatlarında iki ölkə arasında əlaqələrin ayrı-ayrı sahələrdə inkişafı istiqamətində atılan addımlara, onların uğurlu nəticələrinə bir daha diqqət yönəldildi. 
İki dövlət başçısının görüşlərindən sonra mətbuata verdikləri Bəyanatında Prezident İlham Əliyev bildirib ki, “Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq”.
Ötən  illər ərzində Azərbaycan ilə İtaliya arasında münasibətlər çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edir. Siyasi əlaqələr ən yüksək səviyyədədir. İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəsi artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilib. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə dünya bazarlarına geniş həcmdə Azərbaycanın təbii resursları göndərilib. Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verilib. Ümumiyyətlə, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və əsl strateji tərəfdaşlardır.
2025-ci ildə Azərbaycanla İtaliya arasında ticarət əməliyyatlarının həcmi 11,860 milyard ABŞ dolları təşkil edib. Bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 469,5 milyon ABŞ dolları və ya 4,1% çoxdur.
Ötən il İtaliya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 24%-i həcmində olub və İtaliya Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında birinci yeri tutur.
2025-ci ildə Azərbaycandan İtaliyaya 11,3 milyard dollarlıq məhsul ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 467,2 milyon ABŞ dolları və ya təqribən 4,3% çoxdur. Bununla da ötən il İtaliya Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr sırasında da liderdir.
Azərbaycan dövlətlərarası münasibətlərdə qarşılıqlı etimad mühitinin qorunmasına xüsusi önəm verir. Həmçinin dövlətimizin xarici siyasətinin dəyişməz prinsipləri beynəlxalq səviyyədə təqdir edilir. Bütün ölkələr ilə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əlaqələr quran Azərbaycan daim yeni dostlar, tərəfdaşlar qazanır. Ölkəmiz hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır. Hazırda yeni dünya nizamının formalaşdığı dövrdə Azərbaycanın bu yanaşmasına xüsusi önəm verilir, əlaqələrin yeni prioritetlər üzrə inkişafında maraqlı olan ölkələrin sayı artır. 
Azərbaycan və İtaliyanın ikitərəfli gündəliyi getdikcə genişlənir. Ölkələr arasında əlaqələrin inkişafında enerji amili xüsusi yer tutur. 2020-ci ildən başlayaraq TAP layihəsi vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 16 ölkəyə təbii qazı ixrac edir. Hazırda boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Təkcə keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunub. Bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də Azərbaycan və İtaliya uzun illər etibarlı tərəfdaşlar kimi bir-birini dəstəkləyir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, əgər səmimi münasibətlər, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı.
Qeyd edilib ki, İtaliya bazarı ölkəmiz üçün çox maraqlıdır.  Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Görüşlərdə bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə olunub.
Bildirilib ki, İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var. Hazırda ölkəmizdə İtaliyanın 130-a yaxın şirkəti   fəaliyyət göstərir. O cümlədən, işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir. 
Bu gün Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində mühüm addımlar atılır. İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-İtaliya strateji tərəfdaşlığı həm rəsmi sənədlərdə, həm də həyatda, praktik işlərdə özünü təsdiqləyir. Bir-birindən uzaqda yerləşən ölkələr arasındakı münasibətlərin qurulması bizim timsalımızda bir örnək ola bilər.
 
Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü