Ömürlük məhkum olunan erməni canilər harada saxlanılacaq?
- 5-02-2026, 14:30
- 497
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinə müxtəlif cəzalar kəsilib.
Belə ki, Arayik Harutyunyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan, David Manukyan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Arkadi Qukasyan və Bako Sahakyan isə 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən onlara ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilməyib. Məhkəmə hər iki təqsirləndiriləni 20 illiyə azadlıqdan məhrum edib.
Qeyd edək ki, Azərbaycan Respublikasında ömürlük məhkumlar Ədliyyə Nazirliyi Penitensiar xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılırlar.
Bu qapalı cəzaçəkmə müəssisəsi Qobustanda yerləşir.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2025-ci ilin sonlarında verdiyi açıqlamada bildirilib ki, həmin cəzaçəkmə müəssisəsində ümumilikdə 50-yə yaxın məhkum saxlanılır.
Arayik Harutyunyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan, David Manukyanın da ömürlük məhkumlar kimi 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılacaqları istisna olunmur.