Yaşa görə pensiyanın məbləği artır - Məbləğ
- 5-11-2025, 12:01
- 341
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında 2026-cı il dövlət büdcə zərfinin müzakirəsi zamanı deyib.
Nazirin sözlərinə görə, cari ildə 5-ci sosial islahat zərfi çərçivəsində 1 yanvar tarixindən minimum əməkhaqqı 16% artırılaraq 400 manata, 1 fevral tarixindən isə minimum pensiya 14% artırılaraq 320 manata çatdırılıb.
“1 iyul tarixindən sosial müavinətlərin, Prezidentin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin, 1 sentyabr tarixindən isə tələbə təqaüdlərinin məbləğləri artırılıb.
Eyni zamanda 1 yanvar tarixindən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb.
Ümumilikdə 5-ci sosial islahat paketi 1,9 milyon vətəndaşımızı əhatə etməklə, illik əlavə maliyyə yükü 885 milyon manat, əmək pensiyalarının ilin əvvəlində 8,1%-lik indeksasiyası ilə birlikdə isə illik əlavə maliyyə yükü 1 milyard 400 milyon manat təşkil edib.
Aparılmış islahatların nəticəsidir ki, cari ildə əhaliyə pensiya ödənişləri ötən illə müqayisədə 10%, pensiyaların orta məbləği isə 9% artaraq 540 manat, yaşa görə pensiyanın orta məbləği isə yenə də 9% artaraq 576 manat təşkil edib.
Əhaliyə dövlət büdcəsi hesabına ödənilən müavinət xərcləri ötən illə müqayisədə 13%, Azərbaycan Prezidentinin təqaüdləri isə 17% artıb”, – nazir qeyd edib.
Nazir əlavə edib ki, görülmüş işlərin məntiqi nəticəsi olaraq növbəti ildə dövlət büdcəsində sosialyönlü xərclər 2025-ci illə müqayisədə 236 milyon manat və ya 1,4% çox olmaqla 17 milyard 146 milyon manat təşkil edir: “Sosialyönlü xərclərin Dövlət büdcəsində xüsusi çəkisinin 41,1% olması nəzərdə tutulur. Son 7 ildə müvafiq istiqamətdə ayrılan vəsaitin həcmi 2,2 dəfə artmışdır. (7,8 mlrd manatdan 16,9 mlrd manata çatıb)
Bununla yanaşı, 2026-cı ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 873 milyon manat həcmində olması proqnozlaşdırılır. Bu göstərici 2025-ci ilin proqnoz edilən göstəricisindən 121,2 milyon manat və ya 2,6% çoxdur. Son 7 ildə bu istiqamətdə ayrılan vəsaitin həcmi 2,1 dəfə artaraq 2,3 mlrd manatdan 4,8 mlrd manata çatıb”.
Nazir həmçinin qeyd edib ki, proqnoz göstəricilərə əsasən 2026-cı il üzrə indeksasiyanın təqribən 9,2% səviyyəsində olması, orta pensiyanın məbləğinin isə yenə də 9,2% artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin isə 629 manata çatması proqnozlaşdırılır.