Enerji sektorunda tarixi nailiyyət
- Bu gün, 10:34
- 219
1880 meqavat generasiya gücünə malik stansiyanın istifadəyə verilməsi ilə Mingəçevirin nəinki Azərbaycanın, ümumilikdə Cənubi Qafqazın enerji mərkəzi kimi statusu daha da möhkəmlənmiş olur. Artıq ölkə üzrə elektrik enerjisinin 40 faizindən çoxu bu şəhərdə istehsal edilir. Mingəçevirin energetika tarixindəki rolu hələ ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə formalaşmağa başlamışdır. 1974-cü ildə əsası qoyulan “Azərbaycan” İstilik Elektrik Stansiyasının ilk bloku 1981-ci ildə istismara verilmişdi. Həmin dövrdən başlayaraq şəhər Qafqazda enerji mərkəzi kimi tanındı. Lakin müstəqilliyin ilk illərində enerji qıtlığı ölkənin əsas problemlərindən biri idi. Yaşlı nəsil yaxşı xatırlayır ki, gecə saatlarında elektrik verilişləri dayandırılır, uzun müddət işıqsız qalmaq adi hal sayılırdı. Bu çətin dövrlərdə də məhz Mingəçevirdə mövcud olan enerji bazası ölkəni minimum səviyyədə təmin edirdi. Son illərdə Mingəçevirdə genişmiqyaslı yenidənqurma işləri aparılıb. 2018-ci ildə “Azərbaycan” İES-in yenidən qurulmasına başlanıldı və 2020-ci ilin iyununda stansiya modernləşdirilərək yenidən istismara verildi. Hazırda “Azərbaycan” stansiyası 1800 MVt, “8 Noyabr” stansiyası 1880 MVt, Su Elektrik Stansiyası isə 400 MVt-dan artıq gücə malikdir. Beləliklə, Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, sovet dövründə 300 MVt-lıq bir blokun inşası yeddi ilə başa gəlirdisə, biz indi 2 il ərzində 2000 MVt gücündə stansiyanı istifadəyə veririk. Bu isə ölkənin enerji mütəxəssislərinin peşəkarlığını, mövcud texnoloji bazanı və beynəlxalq tərəfdaşların dəstəyini sübut edir. Layihədə İtaliya və Çin şirkətlərinin iştirakı beynəlxalq əməkdaşlıq baxımından da mühüm nümunədir. Prezident çıxışında vurğuladı ki, hər iki ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri imzalanıb, və bu ölkələrlə münasibətlər enerji sahəsində konkret nəticələrlə özünü göstərir: “İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Çin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdədir. Bu gün Azərbaycanda yaradılan Günəş elektrik stansiyalarının təchizatı böyük dərəcədə Çin şirkətləri tərəfindən təmin edilir”.
Yeni stansiyanın istifadəyə verilməsi həm generasiya gücünü artıracaq, həm də şərti yanacaq sərfiyyatını əhəmiyyətli dərəcədə azaldacaq. Bu isə daxili istehlak üçün istifadə olunan təbii qazın ixracına əlavə imkanlar yaradacaq. Dünya bazarlarında Azərbaycan qazına olan tələbatı nəzərə alsaq, bu qənaətin ölkəyə qazandıracağı iqtisadi fayda aydındır. Dövlət başçısı çıxışında ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rola da toxundu. Azərbaycanın bu gün 12 ölkəyə qaz ixrac etdiyini, onlardan 10-nun Avropa ölkəsi olduğunu bildirən Prezident qeyd etdi ki, gələcəkdə bərpaolunan enerji – o cümlədən yaşıl elektrik – də ixrac portfelinə daxil olacaq. Bu isə Azərbaycanın qlobal enerji bazarında rolunu daha da gücləndirəcək.
“8 Noyabr” stansiyasının adının da xüsusi simvolik məna daşıdığı bildirilmişdir. Prezident İlham Əliyev şəxsən bu adı seçdiyini belə izah etmişdir: “Bu, bizim şanlı Zəfərimizin tarixidir. Zəfər xalqımıza, dövlətimizə yaraşır. Əminəm ki, bu stansiyanın ömrü uzun və fəaliyyəti uğurlu olacaq”.
Çıxışında bölgədəki geosiyasi vəziyyəti də dəyərləndirən Prezident bildirdi ki, regionda sülh və sabitliyin təmin olunması üçün ölkəmiz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. İkinci Qarabağ müharibəsi zamanı düşmənin Mingəçevirə raket hücumları da bir daha göstərdi ki, Azərbaycanın enerji infrastrukturu məqsədyönlü şəkildə hədəf alınmışdır. Lakin bütün bu təhdidlərə baxmayaraq, Azərbaycan həm müharibədə qalib gəldi, həm də sülh şəraitində quruculuq işlərini sürətlə davam etdirir. Bu gün isə “8 Noyabr” Elektrik Stansiyası təkcə energetik göstəriciləri ilə deyil, həm də Azərbaycanın qətiyyətli iradəsinin, iqtisadi və texnoloji imkanlarının canlı sübutu kimi tarixə yazılır.
Samirə Hüseynova