"8 Noyabr" Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır
- Dünən, 11:38
- 113
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə İtaliya Respublikasının şirkətlər və "Made in Italy" naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi münasibətlərin yeni mərhələdə inkişafının təzahürüdür. Bu dövlətlərarası əlaqələrin həqiqətən də, nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Söhbət zamanı dövlətimizin başçısının Adolfo Urso ilə görüşləri məmnunluqla xatırlanıb. Qonaq İtaliyanın "8 Noyabr" Elektrik Stansiyasının inşasında iştirakını ölkələrimiz arasında dostluğun və uğurlu əməkdaşlığın göstəricisi kimi dəyərləndirib. Azərbaycana dəfələrlə səfər etdiyini xatırlayan Adolfo Urso bu tədbirdə iştirakdan məmnunluğunu bildirib. O, 2020-ci ildə Gəncə və Ağdam şəhərlərinə səfərinə toxunub.
İşğaldan azad olunan bölgələrdə aparılan infrastruktur layihələrin həyata keçirilməsində İtaliya dost ölkə olaraq öz töhfəsini verir. Belə ki, İtaliya şirkətləri işğaldan azad olunmuş Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyalarını avadanlıqlarla təchiz edib. Azərbaycanın Memorial və Zəfər muzeyləri təkcə Bakıda deyil, işğaldan azad olunmuş şəhərlərdə də İtaliya şirkətləri tərəfindən dizayn olunub. İtaliya şirkətləri işğaldan azad olunmuş dörd rayonda - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyalarını avadanlıqlarla təchiz edib. İtaliyanın daha bir şirkəti Şuşada yeni məscidin layihəsini dizayn edib. Görülən işlər və layihələr bu əlaqələrin davamlığının təzahürüdür.
Xatırladaq ki, Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə Mingəçevir şəhərində tikilən "Azərbaycan" İstilik Elektrik Stansiyasının (İES) birinci bloku 1981-ci ildə istismara verilib. Bu stansiya sovet dövründə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılırdı. Məhz bu elektrik stansiyası 1990-cı illərin əvvəlində Sovet İttifaqının dağılması ərəfəsində müstəqil Azərbaycanın enerji tələbatının böyük hissəsini ödəyirdi. Lakin keçid dövründə elektrik stansiyasına baxımsız yanaşma və istismar müddətinin başa çatması əlavə problemlər ortaya çıxarırdı. Buna görə də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, hər birinin gücü 300 meqavat olan 8 bloklu "Azərbaycan" İstilik Elektrik Stansiyası 2020-ci ildə tam yenidən qurularaq istismara verilib. Bununla da stansiya dayanmaq təhlükəsindən xilas edilib, ömrü ən azı 20 il uzadılıb, etibarlılıq, dayanıqlılıq, səmərəlilik və təhlükəsizlik təmin edilib, 620 MVt-dan artıq "itirilmiş" güc bərpa olunub.
"8 Noyabr" Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir. Ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bu gün "8 Noyabr" Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev "8 Noyabr" Elektrik Stansiyasının açılış mərasimində çıxışı zamanı bildirib. Dövlət başçımız qeyyd edib ki, 1880 meqavat gücündə bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək: "Hazırda bizim elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və əlbəttə ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir".
Qeyd edək ki, 2020-ci il oktyabrın 4-də stansiyanın ərazisinə böyük dağıdıcı qüvvəyə malik “Smerç” reaktiv yaylım atəşli raket atılıb. Raket 6-cı və 7-ci enerji bloklarının arasındakı sahəyə düşüb. Bundan başqa, 2020-ci il oktyabrın 11-də ikinci dəfə atılan raket isə İdarəetmə Mərkəzinin yaxınlığına düşüb. Müvafiq müdafiə sistemlərinin qabaqlayıcı tədbirləri nəticəsində atılmış raketlər zərərsizləşdirilib.
Ölkəmizin iqtisadi-maliyyə gücünün artmasına, Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edən Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri artıq fəaliyyətdədir. Cənub Qaz Dəhlizinin icrası zamanı Azərbaycan boru kəməri ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq əlaqələri qurub. Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir və Azərbaycanın oynadığı rol Avropa İttifaqında qaz təchizatının şaxələndirilməsi səylərimiz baxımından mühüm əhəmiyyət daşıyır. Əlbəttə ki, Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın oynadığı rol ölkəmizin Avropa İttifaqında qaz təchizatının şaxələndirilməsi səyləri baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan İtaliya ilə iqtisadi əlaqələrinə böyük diqqət yetirir və onların inkişafında və güclənməsində maraqlıdır. İki ölkənin təhsil müəssisələri arasında da əlaqələr genişlənir. Əbəs deyil ki, bu gün İtaliyanın müxtəlif universitetlərində mindən çox azərbaycanlı tələbə təhsil alır. Ölkələrimiz arasında eyni zamanda, mədəniyyət, elm, təhsil, humanitar sahələrdə önəmli mübadilələrin və layihələrin həyata keçirilməsi Azərbaycan və İtaliya arasında salınan körpünün daha da möhkəmləndirir.
Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan beynəlxalq əlaqələr müasir dövrümüzdə daha da möhkəmlənir.
Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru