Qaxdakı əməliyyat Vidadi İsayevin canına vəlvələ saldı
- 21-06-2025, 19:43
- 223
Anxeber.az bildirir ki, onlardan başda gedəni Bərdə şəhər rəhbəri Vidadi İsayevdir. Onun fəaliyyətinin yüngül şəkildə təftiş olunması kifayətdir ki, Qaxın saxlanan başçısı Şəkiliyev yanında "toya getməli" olsun. Bərdəyə illərdir ki, "gün verib, işıq verməyən" Vidadi İsayevi hansı sirli əllərdirsə, hələ də qorumaqdadır. Halbuki onun barəsində araşdırma başlanması gecikib. Bərdə camaatı hansısa rayonun başçısı həbs ediləndə dərhal ümidlənir. Onların çoxdan gözləntisi var ki, növbə İsayevə çatacaq. Çünki icra başçısı Bərdədə böyükdən kiçiyə, sahibkardan fermerə qədər hamıya "qan uddurub". O, nə şəhid ailəsi nəzərə alıb, nə aztəminatlı ailə nədir dəyər verib, yaşıllıq bilməyib, boş sahə qoymayıb, hara gözünə göründü satıb qurtarıb, iş adamlarının gününü qara edib və bu minvalla varlanıb, Bərdədə və ətraf ərazilərdə, o cümlədən Bakıda saysız-hesabsız obyektlər, villalar, avtomobil kolleksiyası, biznes subyektləri sahibinə çevrilib. Bəs bu pulları başçı maaşı ilə qazanmaq olardımı?
Odur ki, "qara maskalı"ları arzulayan Bərdə camaatı İsayevlə bağlı araşdırmalar aparılmasını gözləməkdədir. Eyni zamanda, belə xəbərlər də gəlməkdədir ki, İsayev və digər İH başçıları Şəkiliyevin həbsindən sonra yenidən əl-ayağa düşüb, ciddi iş rejiminə keçib, müavinlərə səhv buraxmamaq tapşırığı veriblər. Məlumata görə, İsayev daha əvvəl də bu addımları atıb. O zaman hansı məmur həbs olunurdusa, Bərdədə pul yığımı, rüşvət almaq, torpaq satmaq, tikintiyə pul müqabilində icazə vermək, ağacları məhv edib yerini dükan tikmək üçün peşkəş etmək kimi qanunsuz hərəkətlərə qısamüddətli fasilə verilirdi. İndi də Qaxdakı əməliyyat Bərdədə İsayevin canına vəlvələ salıb.
Qeyd edək ki, 15 ildir Bərdədə hökmranlıq edən İsayevin qanunsuz əməlləri və malikanələri, obyektləri barədə mətbuatda geniş məlumatlar dərc olunub. Hətta bir müddət əvvəl yerli sakinin şikayəti əsasında üzə çıxmışdı ki, Bərdənin icra başçısı Vidadi İsayev dövlət qulluqçularını öz evində, obyektlərində qanunsuz olaraq işlədir.
Ona görə də İsayevin fəaliyyətini araşdırmaqla səs-küylü bir prosesin təməli qoyula bilər. Lakin Qax əməliyyatı göstərdi ki, icra başçıları həbsə gedənə qədər öz əməllərindən əl çəkmək istəmirlər və növbənin onlara çatacağına inanmırlar. Lakin günün birində qapı döyülməmiş açılır...
Azər Talıbov
Anxeber.az