TKTA-dan tələbələrin narazılığına - Cavab
- 21-06-2025, 12:23
- 130
“Biz, xaricdə təhsil alan bir çox tələbə, qarşılaşdığımız ciddi bir problem barədə diqqətinizi çəkmək istəyirik.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin qərarına əsasən, 2025-ci il üçün xarici universitetlərdən Azərbaycana köçürülmək istəyən tələbələr 30 iyun tarixinə qədər imtahan nəticələrini təqdim etməlidirlər. Lakin bu qərar 2024-cü illə müqayisədə ciddi fərqlilik göstərir. Çünki 2024-cü il üçün sənəd qəbulu 1 avqust tarixinə qədər davam edirdi. Qəfildən qəbul tarixinin 30 gün qabağa çəkilməsi və bu dəyişikliklərin səbəbləri barədə hər hansı bir izah verilməməsi tələbələr və onların ailələri arasında narazılığa səbəb olub.
Qeyd etmək istəyirik ki, 30 iyun tarixinə qədər Təhsildə Keyfiyyət Təminatı Agentliyindən qismən tanınma şəhadətnaməsi alınmadığı təqdirdə tələbələr Azərbaycana köçürülmə sisteminə müraciət etmək hüququndan məhrum qalır. Bu isə bir çox tələbənin təhsil hüquqlarına ciddi şəkildə zərər verir.
Məsələn, hansısa tələbə İzmir şəhərində təhsil alır və onun imtahan nəticələri yalnız 10 iyul tarixində açıqlanacaq. Bu vəziyyət onun vaxtında sənəd təqdim etməsinə imkan vermir. Bununla əlaqədar TKTA-müraciət edərkən isə tələbələrə "get, universitetə bildir ki, nəticəni tez versinlər" kimi qeyri-ciddi və təhqiramiz cavablar verilir. Bu yanaşma tələbələrin və onların ailələrinin haqlı narahatlıqlarını heç bir şəkildə həll etmir və onlara qarşı hörmətsizlik nümayiş etdirir.
Üstəlik, bu qərarın tələbələrin təhsil hüquqlarına ciddi zərər verdiyini düşünürük. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin bu qərarının dəyişdirilməsi və ya təqdimetmə tarixinin uzadılması tələb olunur ki, bütün tələbələr bərabər imkanlardan istifadə edə bilsinlər. Bu, təhsil sistemimizin daha ədalətli və şəffaf olmasına kömək edəcəkdir”.
Problemlə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, bu il yerdəyişmə prosesinin daha səmərəli təşkili məqsədilə önə çəkilməsi nəzərdə tutulub: “Xarici təhsil müəssisələrində imtahan nəticələri fərqli vaxtlarda elan olunur. Buna baxmayaraq, tələbələrin yerdəyişməsinin çevikliyini, səmərəliliyini təmin etmək və yeni tədris ili başlayana qədər prosesi başa çatdıra bilmək üçün bu il sözügedən prosesin önə çəkilməsi nəzərdə tutulub”.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) isə qeyd edilib ki, onların mandatı yalnız qismən tanınma ilə bağlıdır: “TKTA tərəfindən Azərbaycan Respublikasının ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət etmək hüququ verən qismən akademik tanınma şəhadətnaməsi təqdim olunur.
Köçürülmə sisteminə müraciət etmək üçün tarix isə aidiyyəti qurum tərəfindən müəyyən edilir. Ona görə də TKTA tərəfindən Azərbaycana köçürülmək istəyən tələbələrə 30 iyun tarixinə qədər ali təhsil müəssisələrinə qəbul tarixindən etibarən bütün ali təhsil müddətindəki akademik göstəricilərini özündə ehtiva edən müvafiq transkripti təqdim etməyə vaxt verilib.
Məlumat üçün bildiririk ki, təqdim olunan sənədlərin ekspertiza prosesi bir neçə mərhələni əhatə etdiyi üçün ən azı 1 həftə vaxt tələb olunur”.