Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib

Cəmiyyət

12 iyun 2025-ci il – Azərbaycan Respublikasının “İctimai iştirakçılıq haqqında” Qanunu və Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli qərarı ilə təsdiq olunmuş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) yanında yeni İctimai Şuraya seçkilər uğurla keçirilib.
Seçki prosesi Fövqəladə Hallar Nazirliyində təşkil olunub və tədbirdə fövqəladə hallar nazirinin müavini, Nazirlik yanında İctimai Şura üzrə Seçki Komissiyasının sədri Tapdıq Əmiraslanov iştirak edib. O, seçki öncəsi çıxış edərək İctimai Şuraların dövlət orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılığın təmin olunmasında, vətəndaşların dövlət idarəçiliyində iştirakının gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
Yeni İctimai Şuraya üzv seçilmək üçün müxtəlif vətəndaş cəmiyyəti institutlarından ümumilikdə 12 nəfərin namizədliyi irəli sürülüb və qanunvericiliyə uyğun şəkildə təsdiq olunub. Seçkidə səsvermə hüququ olan 71 nümayəndədən 54 nəfər iştirak edib, bu da yüksək iştirak göstəricisi kimi qiymətləndirilib.
Seçki prosesi tam şəffaf və demokratik əsaslarla həyata keçirilib, seçicilərin iradəsini ifadə etməsi üçün bütün zəruri şərait yaradılıb. Tədbirdə həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələri, media təmsilçiləri və müstəqil müşahidəçilər iştirak ediblər.
Səsvermənin nəticələrinə əsasən, Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şura aşağıdakı 11 nəfərdən ibarət tərkibdə formalaşdırılıb:
    1.    Abbasova Vəfa Zahid qızı – “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyi
    2.    Abışova Vüsalə Mahir qızı – “APA Group” media qurumu
    3.    Bayramlı Dinara Dmitriy qızı – “SAF Həyat Naminə” Gənclər İctimai Birliyi
    4.    Cürənov Ramiz Mikayıl oğlu – “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi
    5.    Ədilzadə Ədil Tahir oğlu – “Yeni Həyat – İqtisadi İnkişaf” İctimai Birliyi
    6.    Əkbərov Fariz Vahid oğlu – “Hüquqi-Sosial Yardım və Maarifləndirmə” İctimai Birliyi
    7.    Fərzəliyev Sahib Abduləli oğlu – “Potensial” Sumqayıt Mütəxəssislər Birliyi
    8.    Hacızadə Fuad Mahmud oğlu – Beynəlxalq Ekoenergetika Akademiyası
    9.    Qafarov Emil Kamil oğlu – “Yaşıl Tikintiyə Dəstək” İctimai Birliyi
    10.    Məmmədov Məhəmməd Qurban oğlu – “Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi
    11.    Rəhimli Davud Səid oğlu – Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı
FHN yanında fəaliyyət göstərəcək yeni İctimai Şura, Nazirliyin fəaliyyətinə ictimai nəzarətin təmin olunmasında, vətəndaş cəmiyyətinin rəy və təkliflərinin nəzərə alınmasında, həmçinin fövqəladə hallar sahəsində maarifləndirmə və məlumatlandırma işlərinin genişləndirilməsində mühüm rol oynayacaq.
Yeni tərkibli Şura, həmçinin təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq, əhalinin məlumatlandırılması və vətəndaş təhlükəsizliyinin artırılması sahəsində ictimai təşəbbüsləri dəstəkləyəcək, aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində çalışacaq.
Seçkidən sonra yeni seçilmiş üzvlərin iştirakı ilə İctimai Şuranın ilk iclası keçiriləcək və burada Şuranın sədri, sədr müavini seçiləcək, iş planı və prioritet fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək. Şura üzvləri vətəndaş cəmiyyətinin maraqlarının qorunması və dövlət-vətəndaş dialoqunun inkişaf etdirilməsi üçün fəaliyyətlərini davam etdirəcəklər.