Şuşa Bəyannaməsi iki ölkə arasındakı əlaqələri yüksək zirvəyə qaldırır
- 12-06-2025, 14:48
- 178
"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" Türkiyə Prezidentinin Azərbaycana və Azərbaycanın tarixi, hüquqi və ayrılmaz hissəsi olan Qarabağa səfərinin başlıca diplomatik yekunu oldu. İşğaldan azad olunmuş Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında məhz Milli Qurtuluş Günündə, Qars müqaviləsindən 100 il sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətlərinə dair imzalanan Şuşa Bəyannaməsinin özünəməxsus tarixi, hüquqi və siyasi əhəmiyyəti var. Bəyannamə bütün sahələrdə Azərbaycanla Türkiyə arasındakı münasibətlərin qardaşlığın bir nümunəsidir.
Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində qələbə qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu, doğma torpaqlarını işğaldan azad etdi, tarixi ədalətin zəfər çalmasını və beynəlxalq hüququn bərpa olunmasını təmin etdi. Bu yolda Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini Azərbaycan yüksək qiymətləndirir.
Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Şuşa Bəyannaməsinin müddəasına əsasən, tərəflər Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynadığını vurğulayırlar. Tərəflər minalanmış ərazilərin təmizlənməsini əsas götürməklə Ermənistanın işğalından azad edilmiş rayonlarda həyatın normalaşdırılması istiqamətində fəaliyyətlərini dəstəkləyəcəklər.
İmzalanmış bu tarixi sənəd özündə Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, ümumi problemlərlə bağlı birgə addımların atılması, davamlı həmrəylik göstərilməsi, milli mənafelərin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin əlaqələndirilməsi və qarşılıqlı dəstəyin verilməsini də dəstəkləyir.
İmzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə iki ölkə arasındakı əlaqələri yüksək zirvəyə qaldırır. Yəni, Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən uca zirvəsinə yüksəlib. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması ölkələrimizi həmişə bir-birinə yaxın edib, xalqlarımız sevincli, kədərli günlərdə də bir-birinin yanında olub.
Könül Əfəndiyeva – YAP üzvü