Bütün sahələri əhatə edən əməkdaşlıq

Cəmiyyət

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.
Azərbaycan-Türkiyə münasibətləri tarixi köklərə malikdir. Bu münasibətlərin möhkəmlənməsi dövlət səviyyəsində deyil, həm də iki ölkənin vətəndaşları arasında sıx əlaqələrin olmasınndan irəli gəlir. Eləcə də iki ölkə arasında yaranmış dostluq, qardaşlıq münasibətləri İkinci Qarabağ müharibəsində özünü daha qabarıq şəkildə göstərdi. Bu birliyimizə  nəinki ölkələrimiz, hətta dünya  şahidlik etdi.
Belə ki, Türkiyənin böyük lideri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir” və Ulu Öndər Heydər Əliyevin dediyi “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” ifadələri ölkələrimiz və xalqlarımız arasındakı sarsılmaz birliyin və həmrəyliyin aydın şəkildə ifadəsidir. Bu gün hər iki ölkədə bu ifadələr dillər əzbəridir. Şuşa bəyannaməsində bu dəyərli ifadələr öz əksini tapmışdır. İki ölkə arasında yaranmış birlik digər türk dövlətləri üçün  örnək və türk birliyinin təməlini təşkil edir.
Şuşa Bəyannaməsinin imzalanması xüsusi əhəmiyyət kəsb edir. Bu müttəfiqliyimizi, müxtəlif sahələrdə genişləndiriləcək əlaqələrimizin rəsmi sənədidir.Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Bu, Bəyannamənin İkinci Qarabağ müharibəsindən sonra imzalanması həm də düşmən ölkələrə bir mesajdır.  Məlum olduğu kimi Ermənistan Azərbaycan torpaqlarını otuz ildən çox işğal altında saxlamışlar və beynəlxalq hüququn heç bir tələbinə əməl edilməyərək işğal davam edirdi. Lakin Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin güclü siyasi iradəsi, xüsusi strategiyası,  orduda təkmilləşmənin həyata keçirilməsi, güclü, vətənpərvər gənclərin yetişdirilməsi nəticəsində işğalada olan torpaqlarımız azad oundu və hər bir hissəsində Azərbaycanın şanlı bayrağı dalğalanır. Azərbaycan ədaləti öz gücünə bərpa edən ölkədir. Bu ədaləti bərpa etməkdə Türkiyə dövləti hər zaman müttəfiq olaraq Azərbaycanın yanında olmuş, beynəlxalq müstəvidə daim müdafiə etmişdir. İmzalanan Şuşa Bəyannaməsi də ikitərəfli əlaqələrin inkişafının davamııdır.
Bildiyimiz kimi hazırda azad Qarabağda abadlıq-quruculuq işləri həyata keçirilir.Qarabağın doğma sakinləri hissə-hissə öz yurdlarına geri qayıdır. Bu proses davamlı olaraq həyata keçirilir. Bərpa- quruculuq işlərində Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Zəngəzur geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir. Eyni zamanda, bu gün böyük layihələrin həyata keçirilməsi, iqtisadi və müxtəlif sahələrdə əməkdaşlıq qarşılıqlı şəkildə yüksək səviyyədə davam etdirilir. 
Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq deyib: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır.
Bəyannamə Ermənistandakı revanşist qüvvələrə mühüm ismarışdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. 
Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi davamlı olaraq bu gün də davam etdirilir.
Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə 15 iyun 2022-ci il tarixindəŞuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirilib.
 
Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru