Azərbaycan - Türkiyə - Pakistan birliyi …
- 31-05-2025, 11:00
- 283
Laçında belə bir yüksək səviyyəli tədbirin keçirilməsinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyatın bərpası və beynəlxalq əməkdaşlığın inkişafı baxımından simvolik əhəmiyyət daşıdığını vurğulayan Prezident İlham Əliyev bəzi məqamları diqqətə çatdıraraq bildirdi ki, “Bu gün əziz qardaşlarımın - Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bir daha bizim birliyimizi, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”.
“Biz qayıtmalıydıq və qayıtmışıq”, – deyən dövlət başçısı, azad edilmiş torpaqlarda həyata keçirilən bərpa və quruculuq işlərindən də geniş söz açdı. Artıq Laçın, Şuşa, Füzuli, Zəngilan, Qubadlı və digər bölgələrdə həyat canlanır – xəstəxanalar, məktəblər, hava limanları, yollar, tunellər salınır, minlərlə insan doğma yurduna qayıdır. Bu bölgəyə həyat, bu bölgəyə əsl sahib qayıdıb.
Dövlət başçısı onu da qeyd etdi ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyub. Pakistan iqtisadiyyatına 2 milyard dollar sərmayə qoymağa hazırdır. Hazırda konkret investisiya layihələri üzrə işlər gedir.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini çatdıraraq, Laçında belə bir mühüm tədbirdə iştirak etməyin onun üçün böyük şərəf olduğunu bildirdi. O, Azərbaycanın 30 illik işğala son qoyaraq Qarabağı azad etməsini böyük tarixi uğur kimi dəyərləndirdi, şəhidlərin xatirəsini andı, qazilərə salamlarını çatdırdı, onlara Vətən müharibəsində göstərdikləri böyük şücaət və qəhrəmanlıqlara görə təşəkkürünü bildirdi.
Laçında keçirilən Zirvə görüşündə çıxış edən Prezident Rəcəb Tayyib Erdoğan Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayaraq qeyd etdi ki, “Laçın görüşü Türk dünyasının gücünü və birliyini bir daha dünyaya nümayiş etdirir”.
Azərbaycan, Türkiyə və Pakistan liderləri tərəfindən verilmiş mesajlarda aydın şəkildə ifadə olunur ki, üç qardaş ölkə birgə layihələr, siyasi həmrəylik və iqtisadi tərəfdaşlıqla yeni bir inteqrasiya mərhələsinə qədəm qoyur.
Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı!
Afət Camalova,
Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru