Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli münasibətlər genişlənir
- 12-03-2025, 10:00
- 277
Azərbaycanın xarici siyasət strategiyasında yeni bazarlara çıxış və beynəlxalq əməkdaşlığın gücləndirilməsi mühüm yer tutur. Bu baxımdan, Balkan yarımadasının ölkələri ilə qurulan münasibətlər də xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Balkanlarda yerləşən Şimali Makedoniya üçün də cəlbedici ölkədir. Oxşar tariximiz və inkişaf prosesləri, eyni zamanda, Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb.
Martın 11-də Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkova ölkəmizə səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın iştiraki ilə ölkələrimiz arasında təkbətək və lanç əsnasında geniş tərkibdə görüşləri olub.
Daha sonra dövlət başçıları mətbuata bəyanat verdilər və iki dövlət arasındakı qarşılıqlı faydalı əməkdaşlıq perspektivlərdən bəhs etdilər. Qeyd edilib ki, siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir. Ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. İki dövlər başçısının qısa müddət ərzində artıq ikinci görüşü bunun əyani sübutudur.
Dövlətimizin başçısı qeyd edib: “Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır”.
Prezident İlham Əliyev öz bəyanatında bildirib ki, Avropa Azərbaycan qazına ehtiyac duyur. Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. Azərbaycandan qaz alan 12 ölkədən 10-nun Avropa ölkəsi olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur”. Prezident İlham Əliyev bildirib ki, Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür.
Son illərdə iki ölkə arasında ticarət dövriyyəsi artıb, birgə iqtisadi layihələrə imza atılıb və investisiyaların təşviqi ilə bağlı razılaşmalar əldə edilib. Hazırda Azərbaycanda Şimali Makedoniya sərmayələri ilə fəaliyyət göstərən kommersiya qurumları mövcuddur. Bu, iqtisadi əməkdaşlığın təkcə kağız üzərində deyil, real biznes əlaqələri səviyyəsində də inkişaf etdiyini göstərir. İki ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş 2013-cü ildə imzalanıb. Bu gün isə yeni layihələrin həyata keçirilməsi gündəmdədir. Ölkələr arasında ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı razılaşma da iqtisadi münasibətlərin möhkəmlənməsinə xidmət edir. 2021-ci ildən bəri iki ölkə arasında ticarət həcmi əhəmiyyətli dərəcədə yüksəlib və bu, qarşılıqlı marağın göstəricisidir.
Azərbaycan və Şimali Makedoniya arasında münasibətlərin digər vacib aspektlərindən biri də mədəni və humanitar sahədə əməkdaşlıqdır. Hər iki xalqın zəngin tarixi və mədəni irsi əlaqələri daha da gücləndirir. Təhsil sahəsində əməkdaşlıq çərçivəsində azərbaycanlı tələbələrin Şimali Makedoniyada təhsil alma imkanlarının genişləndirilməsi və akademik mübadilələrin təşviq edilməsi müzakirə olunur. Azərbaycan Şimali Makedoniya vətəndaşları üçün cəlbedici turizm məkanıdır və Makedoniyanın tarixi və təbii gözəllikləri azərbaycanlı turistlər üçün maraq kəsb edir.
Azərbaycan və Şimali Makedoniya arasında diplomatik münasibətlər dostluq və əməkdaşlıq üçün yeni perspektivlər açıb. Gələcəkdə siyasi, iqtisadi və mədəni əlaqələrin daha da möhkəmlənməsi üçün birgə layihələrin həyata keçirilməsi vacibdir. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və iqtisadi-ticari əlaqələri gücləndirərək qarşılıqlı faydalı tərəfdaşlıq formatı yarada bilər.
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru