Hər iki ölkə üçün arxalanacağı tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir
- 28-02-2025, 14:54
- 220
Bu zamana qədər Qvineya-Bisau ilə Azərbaycan arasında əlaqələr diplomatik səviyyədə olub. Ancaq Azərbaycanın dünyada artan nüfuzu, onun inkişaf etməkdə olan ölkələrlə dostluq əlaqələri yaratması digər ölkələr kimi, Qvineya-Bisau rəhbərliyinin də diqqətini cəlb edibi. Bu gün Qvineya-Bisaunun bir çox problemləri var və bu problemlərin həllində o, Azərbaycan təcrübəsindən yararlanmaq, onu yanında görmək istəyir.
Qvineya-Bisau Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə maraq göstərən Afrika ölkələrindən biridir. Bu ölkə ilə diplomatik münasibətlər 1992-ci il avqustun 27-də qurulub. Qvineya-Bisau Respublikasının Prezidenti Umaro Moktar Sissoko Embalo ötən ilin noyabrında COP29-da iştirak etmək üçün Azərbaycanda səfərdə olub və Prezident İlham Əliyev ilə görüşüb. Görüş zamanı iqtisadi, neft-qaz, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq, tibb və mühəndislik sahələrində kadr hazırlığı, polis akademiyaları arasında əməkdaşlıq kimi məsələlər müzakirə olunub.
Azərbaycan digər ölkələrdən fərqli olaraq, Afrika ilə münasibətlərində bərabərhüquqlu tərəfdaşlıq prinsiplərini əsas tutur və qitənin inkişafına real dəstək göstərməyə çalışır. Humanitar və mədəni əlaqələr də bu münasibətlərin dərinləşməsinə töhfə verir. Azərbaycanın müxtəlif humanitar fondları və təşkilatları Afrika ölkələrində səhiyyə, təhsil və ekoloji layihələr həyata keçirir ki, bu da qarşılıqlı etimadı daha da artırır. Bundan əlavə, Azərbaycanın enerji və kənd təsərrüfatı sahələrində qazandığı təcrübə Afrika ölkələri üçün maraqlı bir model ola bilər.
Ötən il dekabrın 2−4-də Qvineya-Bisaunun xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereyra ölkəmizə səfəri zamanı Azərbaycan Prezidenti tərəfindən qəbul edilib. Səfər çərçivəsində o, Xarici İşlər, Daxili İşlər, Səhiyyə, Təhsil, Müdafiə, Energetika nazirlikləri, “ASAN xidmət”də və SOCAR-da görüşlər keçirib. Görüşlərdə dövlət başçılarının tapşırıqlarına uyğun olaraq, müvafiq sahələrdə, xüsusilə tibb, enerji, müdafiə sənayesi istiqamətlərində əməkdaşlıq, həmçinin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığa dair məsələlər müzakirə olunub. Səfər zamanı iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizmi təsis olunub.
Qvineya-Bisau Respublikasının Prezidenti Umaro Moktar Sissoko Embalonun fevralın 27-də Azərbaycana ilk rəsmi səfəri əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, maraq doğuran məsələlərə dair müzakirələrin aparılması və razılaşmaların əldə edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Həmin gün iki dövlət rəhbərləri arasında təkbətək və lanç əsnasında geniş tərkibdə görüşləri olub.
Görüşlər zamanı qeyd edilib ki, Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun ölkəmizə səfəri tarixi səfərdir. İlk dəfədir ki, Qvineya-Bisau Prezidenti Azərbaycana rəsmi səfərə gəlib. Görüşlər zamanı ikitərəfli gündəliyə aid olan mühüm məsələlər müzakirə edilib və tərəfdaşlığın bütün sahələrdə gücləndirilməsi ilə bağlı razılığa gəlinib. Ölkəmiz artıq bir çox ölkələrə sərmayələr yatırıb. Həmçinin müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq etmək üçün fürsət yaradılıb.
Tədbirdən sonra mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi münasibətlərin çox yaxşı olduğunu vurğulayıb. Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləyirik, bunu belə də davam etdirəcəyik. BMT və digər beynəlxalq təsisatlarda, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında bir-birimizi dəstəkləyirik”.
Mətbuata bəyanatında Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo Qvineya-Bisau və Azərbaycanın iki dost ölkə və amallarının ümumi olduğunu bildirib. Bir sıra vacib məsələlər üzrə əminliyin olduğunu söyləyən Prezident Umaru Sisoku Embalo bildirib: “BMT və İƏT çərçivəsində əməkdaşlıq edirik. Biz də, siz də həmin iki təşkilatın üzvüyük”.
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru