Qələbənin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs
- 7-12-2024, 11:00
- 179
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr ümidsizləşmiş zəfər ruhumuzu yenidən dirçəltdi, milli şüurumuza, mübarizə əzmimizə günəş kimi doğdu.
44 günlük şanlı tarix elə ilk günlərdən yaddaşımıza qələbə xəbərləri ilə həkk olundu. Suqovuşandan başlayan Zəfər yolumuz Şuşaya qədər uzandı. Əminliklə deyə bilərik ki, Şuşa şəhərinin azad olunması tarixin hərb yaddaşında xüsusi iz buraxmış, öyrəniləcək, öyrədiləcək hərbi taktikaya çevrildi.
2020-ci ilin dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən parad əvvəlkilərdən fərqli idi. Bu parad Vətən müharibəsindəki zəfərimizin nümayişi idi. Bu parad döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Bu, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi. Prezident İlham Əliyevin dediyi kimi, bu paradın xüsusi önəmi var: "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”.
İkinci Qarabağ müharibəsi qələbəsi şərəfinə keçirilən paradda 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Həmçinin, bu paradda Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmənin hərbi texnikaları da nümayiş etdirildi.
Zəfər paradı Azərbacanın gücünü, qüdrətini nümayiş etdirməklə yanaşı, bir millətin iki dövləti olan Azərbaycan ilə Türkiyənin dostluğunun, qardaşlığının və strateji tərəfdaşlığının rəmzlərindən birinə çevrildi. Azərbaycan Prezidentinin və Vətən müharibəsində ölkəmizə mənəvi-siyasi dəstək verən qardaş Türkiyənin Prezidentinin qatıldığı paradda “Qarabağ Azərbaycandır!” şüarı bir daha qürurla ifadə olundu.
Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub.
Hərbi Qənimətlər Parkına gələn hər bir şəxs Silahlı Qüvvələrimizin nələrə qadir olduğunu öz gözləri ilə görəcək, bu qələbəni əldə etmək üçün ordumuzun hansı sınaqlardan keçdiyini dərindən hiss edəcəkdir. İndi düşmənin “Əzilməyən ordu”su, “Keçilməyən istehkam”ları Hərbi Qənimətlər Parkında bizlər üçün nümayiş etdirilir.
Həmin Zəfər paradından 3 il sonra isə növbəti əzəmətli paradın şahidi olduq. Illər boyu ürəyimizdə saxladığımız arzularımız çin oldu. 2023-cü il noyabrın 8-də Zəfər günü artıq Xankəndi şəhərində keçirildi. Qalib Azərbaycan ordusunun hissələri Xankəndidəki paradda iştirak etdi. Prezident, Müzəffər Ali Baş Komandan bu paradı qəbul etdi. Bu hadisə bizim sevinc və qürurumuza səbəb oldu.
Aysel Mənsimova - politoloq