Şuşa şəhərinin işğaldan azad edilməsinin 4 ili tamam olur. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib. Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Bakıda Şəhidlər Xiyabanından xalqa müraciətində açıqlayıb: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! ”
Şuşanın işğaldan azad edilməsi 44 günlük müharibənin kuliminasiya nöqtəsi oldu. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında yüksək peşəkarlıq, misilsiz qəhrəmanlıq göstərərək, 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etdi, müharibədə tarixi Zəfərə imza atdı. Şuşa əməliyyatında düşmənin xeyli texnikası, canlı qüvvəsi məhv edildi. Şuşanın azad edilməsi ilə Ermənistan ordusu darmadağın oldu, heç bir müqavimət gücü qalmadı. Ermənistan Şuşanı itirməklə müharibədə məğlub olduğunu qəbul etdi, kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı.
Unikal Şuşa əməliyyatı dünya hərb tarixinə görünməmiş döyüş strategiyası və taktikası ilə düşüb. Artıq dünyanın bir çox ölkəsi, o cümlədən aparıcı hərbi təhsil müəssisələri Azərbaycan Ordusunun apardığı yeni nəsil 44 günlük müharibəni, xüsusilə də, Şuşa əməliyyatını yaxından öyrənir.
Şuşanın işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Şuşanın azad olunmasına görə” medalı təsis olunub.
Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşanın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Şuşanın işğaldan azad edildiyi gün – 8 Noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.Bu gün həm də Şuşa Şəhəri Günü kimi təsis edilib.
Şuşa şəhəri 8 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal müddətində Şuşa şəhərindəki 17 məsciddən 16-sı, eləcə də, digər tarixi, mədəni abidələr, muzeylər, heykəllər, qəbiristanlıqlar dağıdılıb. Şuşa şəhərinin qurucusu Pənahəli xanın sarayı, Vaqifin məqbərəsi, Natəvanın evi, Üzeyir Hacıbəylinin, Bülbülün ev muzeyləri və daha neçə-neçə mədəni-tarixi bina yerlə yeksan edilib.
Hazırda Şuşa şəhərində genişmiqyaslı bərpa, quruculuq işləri aparılır.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası