Qarşılıqlı etimad və hörmət tərəqqinin əsasıdır
- 9-09-2024, 14:33
- 374
Sentyabr ayınınn 4-6-da baş tutan Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlərdə, həmçinin “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında bir daha vurğuladı ki, Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırır.
Uğurlarımız iqtisadi inkişaf strategiyamızın nə qədər təkmil, gələcəyə hesablanmış olduğunu təsdiqləyir. “Bizə həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm Cənubdan müraciətlər daxil olur. Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturu işlək vəziyyətdədir. Sadəcə olaraq bəzi dəmir yollarında modernləşdirmə işləri aparılmalıdır və biz bunu da edirik. Dünyadakı geosiyasi vəziyyətin yaxın gələcəkdə dəyişməsi, yəqin ki, mümkün deyil. Belə olan halda bizim nəqliyyat infrastrukturumuza olan ehtiyac daha da artacaq» söyləyən dövlətimizin başçısı İlham Əliyev onu da bildirir ki, bizim üstünlüyümüz vaxtilə bütün lazımi infrastruktur layihələrini icra etməyimizdədir. Səkkiz beynəlxalq aeroportumuz var. Doqquzuncu Laçında inşa edilir: «Yəni, biz tam hazırıq. Hazır olmayanlar da öz işlərini görsünlər, öz ərazilərində çatışmayan infrastruktur layihələrini icra etsinlər. Əlbəttə ki, beynəlxalq təcrübəyə əsaslanaraq biz tranzit ölkə kimi öz imkanlarımızı təqdim edirik. Əlbəttə ki, bundan həm iqtisadi, həm siyasi dividendlər alacağıq.»
Prezident İlham Əliyev vurğulayır ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan, gəlir gətirən layihələr həm də başqa ölkələrin iqtisadi inkişafı üçün əlavə imkanlar yaradır: «Lakin uzunmüddətli investisiyalara gəldikdə əsas məqsəd elə bir infrastrukturun yaradılmasıdır ki, o, uzun zaman ərzində fəaliyyət göstərsin və ölkəni dəyişmiş olsun, dünyanın ölkəyə münasibətini dəyişmiş olsun. Çünki bu infrastruktur layihələri olmadan Azərbaycanın coğrafi mövqeyinin bir o qədər də böyük mənası yoxdur. Biz ölkələri və insanları birləşdirməyə nail olmuşuq. Sizə deyə bilərəm ki, nəqliyyatla bağlı infrastruktur layihələri regionumuzda tamamilə yeni siyasi vəziyyət yaradır. Bir-birindən asılı olan ölkələr; biri tranzit ölkəsindən asılıdır, digəri tranzit ölkəsi olur, əlbəttə ki, onlar arasında daha yaxın münasibətlər yaranır. Onlar faydaları paylaşır, onlar bütün tərəflərin uduzmadığı bir vəziyyət tapa bilir.” Dövlət başçısı onu da qeyd edir ki, təkcə ikitərəfli yox, çoxtərəfli formatda da Xəzər dənizi vasitəsilə qitələrin birləşdirilməsi, Bakıda dəniz limanının tikintisi, dəmir yolu sisteminin Avropa strukturları ilə birləşməsi yeni əməkdaşlıq formatını yaradır: “Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir. Eyni zamanda, məqsədlərimizə - siyasi, iqtisadi və maliyyə məqsədlərimizə fəal əməkdaşlıq və qarşılıqlı dəstək vasitəsilə nail olmaqdır.”
Cənubi Qafqazın ən böyük və perspektivli dövləti, Şərqlə Qərbin qovşağında unikal coğrafi geosiyasi şəraitə malik olan Azərbaycan bu gün regionda gedən əsas proseslərin və transmilli maraqların mərkəzində dayanmaqla geoiqtisadi cəhətdən dünyanın aparıcı dövlətləri, böyük şirkətləri üçün cəlbedici tərəfdaşa çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi yeni iqtisadi strategiya ölkənin bütövlükdə iqtisadiyyatının şaxələndirilməsinə və xüsusən də iqtisadiyyatın bütün digər sahələrinin inkişafına yönəldilib. Logistika və ticarət isə sürətlə qloballaşan dünyada iqtisadi artımın mühüm təkanverici qüvvəsinə çevrilməklə, əsas sektorlarda birbaşa xarici investisiya qoyuluşlarının həcmini artırmağa şərait yaradır. Təkcə Davos Ümumdünya İqtisadi Forumunun hesabatına baxmaq kifayətdir ki, hər kəs bu sahədə çox ciddi islahatlar aparıldığını, Azərbaycanın reytinqlərə görə dünya miqyasında qabaqcıl yerlərdə dayandığını görsün. Ölkəmiz avtomobil yollarının keyfiyyətinə görə dünyada 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik.
Azərbaycanın bu uğurlarını şərtləndirən əsas amil ölkəmizin enerji siyasətidir. Azərbaycanın uğurlu enerji siyasəti həm iqtisadi imkanlarının artmasına, həm də beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasına stimul verir. Bu gün böyük əminliklə qeyd edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsinin yenidən tərtib olunmasında əhəmiyyətli rol oynayır. Bu fikirlər Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlərdə, həmçinin “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında öz əksini tapdı. «Enerji təchizatı bu gün onu açıq şəkildə nümayiş etdirir ki, ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır» söyləyən cənab İlham Əliyev bildirdi ki, Azərbaycandan İtaliyaya uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Bu gün 10 ölkə Azərbaycandan qaz alır və bu ölkələrin yeddisi Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırır. O da xüsusi qeyd edildi ki, İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il ticarət dövriyyəmiz 16 milyard dollara bərabər olmuşdur və əlaqələrimizin genişlənməsi üçün potensial yalnız enerji sektoru üzrə deyil, digər sektorlar üzrə də mövcuddur: «Azərbaycan İtaliyanın bir nömrəli neft və iki nömrəli qaz təchizatçısıdır. Bu, bizim əməkdaşlığımızın mühüm sahəsini təşkil edir.»
Bütün bu qeyd etdiklərimiz belə bir qənaətə gəlməyə əsas verir ki, enerjiyə daxili tələbatını tam ödəyən Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi diqqətdədir. Azərbaycan- Avropa İttifaqı əməkdaşlığının daha da möhkəmlənməsində enerji amili mühüm rol oynayır.
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru