“Laçın Şəhəri Günü”ndəki mesajlar ermənilərə xəbərdarlıqdır
- 25-08-2024, 12:07
- 329
Ümumiyyətlə, Şərqi Zəngəzurda və Qarabağda aparılan tikinti işlərinə dövlətimizin başçısı cənab İlham Əliyev bilavasitə nəzarət edir. Birinci xanım Mehriban Əliyeva ilə birlikdə bölgəyə mütəmadi səfərlər edərək görülən işlərlə yerində tanış olur, tapşırıq və tövsiyələrini verir.
2023-cü il avqustun 26-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri də bu baxımdan əlamətdar oldu, bir sıra obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak etdilər, Laçında yerli sakinlərlə görüşüb söhbətləşdilər. Təbii ki, öz yurdlarına dönən laçınlıların üzlərindəki sevinc hissləri hər birimizi fərəhləndirdi, onlar ən böyük arzularına qovuşublar və buna görə də Prezidentə təşəkkürlərini bildirirdilər.
Dövlətimizin başçısı həmin gün həmçinin Laçın şəhərində “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak edib. O, tədbirdəki çıxışında bir daha bəyan etdi ki, bizim iradəmizə heç kim təsir edə bilməz. Məlumdur ki, təcavüzkar planları alt-üst olan, işğalçı ordusu məhv edilən Ermənistan tərəfi çirkin və yalan anti-Azərbaycan təbliğatı aparır, Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasına etiraz edərək ölkəmizin daxili işlərinə qarışmağa cəhd göstərir. Hətta bu yolda saman söpünə belə əl atmağa çalışır, elə güman edir ki, havadarlarının köməyi ilə güya nəyəsə nail ola bilər. Amma unudur ki, Fransanın və digər işğalı dəstəkləyən “dostlarının” əli nə qədər uzun olsa da, bizim torpaqlara gəlib çatmaz, çünki Azərbaycan güclü dövlətdir, buna heç vaxt yol verməz. Sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüququdur, beynəlxalq hüquq da bizim tərəfimizdədir. Prezidentimiz bu barədə son sözü dedi.
Bu günə kimi Prezident İlham Əliyev xalqına nə vəd veribsə, onun hamısını yerinə yetirib, əməli ilə sözünü hər zaman təsdiqləyib. Çıxışında dövlətimizin başçısı ad günündə – 50 yaşı tamam olanda Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində laçınlılarla verdiyi vədi xatırlatdı. Artıq nəticə ortadadır. Öz yurduna qayıdan laçınlılar daha rahat, müasir mənzillərlə təmin edilirlər. Onların Laçında firavan yaşaması üçün hər cür şərait yaradılır. Bütün bu nailiyyətlərin önündə dövlətimizin başçısı cənab İlham Əliyevin müdrik idarəçiliyi dayanır.
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru