“Prezident İlham Əliyevin Astana səfəri Cənubi Qafqaz və Mərkəzi Asiya regionları üçün mühüm əhəmiyyət kəsb edir”
- 10-08-2024, 22:18
- 1 571
Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi ifadə edib.
Fikirlərini davam etdirən müsahibimiz qeyd edib ki, son vaxtlar planetimizin hər yerində gedən ziddiyyətli proseslər ciddi narahtlıq doğurur və ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir: “Məhz bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin son iki il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri xüsusi önəm kəsb edir. Dövlətimizin başçısı öz çıxışında bir daha belə bir vacib məqamı diqqət mərkəzinə gətirdi ki, Ermənistanın işğalından azad edilmiş ərazilərimizin, Qarabağın bərpasına Mərkəzi Asiya ölkələri tərəfindən verilən dəstək qardaşlıq münasibətlərimizin mühüm təzahürlərindən biridir. Məlumdur ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir. Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Cənab Prezident bu qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə bir daha öz təşəkkürünü bildirdi. Dövlət başçımız öz çıxışında bunu da qeyd etdi ki, bu gün bütün dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimi xüsusi önəm kəsb edir.”
Daha sonra politoloq A.İ.Bakuvi qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinin əsasında ilk növbədə Vətən müharibəsindən sonra ölkəmizin nəqliyyat-logistika imkanlarının genişlənməsi faktı durur: “Azərbaycan hazırda Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevrilib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar da məhz ölkəmizin ərazisindən həyata keçirilir. Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında ən təhlükəsiz və iqtisadi cəhətdən sərfəli nəqliyyat qovşağına və tranzit mərkəzinə çevrilməkdədir. Təsadüfi deyil ki, cənab Prezident öz çıxışında Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biri kimi məhz nəqliyyat-tranzit sahəsində əməkdaşlığı qeyd etdi. Diqqətə çatdırıldı ki, Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır. Bu gün Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir və artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Bütün bunlar belə deməyə əsas verir ki, bun gün Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlərin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi məqsədilə bütün istiqamətlər üzrə uğurlu addımlar atılır” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.