Nizami rayon başçısı COP29 ərəfəsində "yaşıl genosidə" göz yumur - Real sübutlar/Foto+Video
- 21-05-2024, 13:27
- 486
Misal üçün Nizami rayonu, Bəhruz Nuriyev 40 ünvanında bir ay əvvəl salınmış məhəllədə ağacların əksəriyyəti susuzluqdan quruyub, yaşıllıqların çoxu məhv olub.
Jurnalist Elmir Muradov özünün sosial şəbəkə hesabında belə yazıb.
O qeyd edib ki, əraziyə nəzarət edən olmadığı üçün yeni salınmış yaşıllıqlar məhv olmaq üzrədir. Bura Yaşıllaşdırma İdarəsindən bağban təyin edilmədiyi üçün ağacların əksəriyyəti susuzluqdan quruyub, yaşıllıqların çoxu məhv olub. Bir sözlə, dövlətin pulu yenə kimlərsə tərəfindən havaya sovrulmaqdadır. 500 manat birinə maaş verməyin dərdindən 100 min manatdan çox pul xərclənmiş yeni salınan məhlə bax belə məhv edilir, heç bir aidiyyəti qurumun da vecinə deyil.
Başqa bir sübut: Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 25 ünvanında yaşıllıq məhv edilib. 10-dan çox ağacın qanunsuz şəkildə kəsilməsi ilə bağlı iddialar var.
Naməlum şəxs və ya şəxslər əvvəlcə ağacları kəsiblər, sonra onların köklərini yandırmaq üçün dibində ocaq qalmayıblar. Xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ərazidə olub, araşdırma aparıb. Nəticəsi hələ də bəlli deyil.
Ümumiyyətlə, "Yaşıllıqların mühafizəsi haqqında" qanuna əsasən dövlət mülkiyyətində olan torpağın üzərindəki yaşıllıqlar götürülə, kəsilə və ya köçürülə bilməz. Xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların götürülməsinə və ya köçürülməsinə isə mülkiyyət sahibi özü qərar verə bilər.
Digər bir fakta diqqət yetirək: ağac kəsilməsi ötən il Nizami rayonu, Elşən Süleymanov küçəsi 72 A ünvanında yaşanıb. Sakinlərin məlumatına görə, ərazidə bəzi yaşıllıqlar məhv edilib. Və bütün bu ekoloji genosid, təbiətə qənim kəsilməsi məhz yeni icra başçısının dövründə baş verib.
Həmçinin, Elşən Süleymanov küçəsində şam ağaclarını çıxarılıb yerində obyekt tikilməsi faktı qeydə alınıb. Yamac yerdə dağ sürüşməsinin qarşısını almaq üçün vaxtilə əkilmiş boybaboy 50-yə yaxın ağac məhv edilib, avtotəmir emalatxanası inşa olunub. Emalatxana sırasına ən axırda əlavə edilmək üçün tikilməkdə olan iki boksun sahibinin guya Vətən müharibəsi qazisi olduğu barədə şayiə buraxılıb. Sanki bu, məsuliyyətdən azad edir və ya ağac soyqırımına bəraət qazandırır...
50-yə yaxın şam ağacının məhv edilməsi barədə digər fakt Nizami rayonunun Fuad Abbasov küçəsində qeydə alınıb. Bildirilir ki, adı naməlum olan sahibkar həmin küçədə yerləşən “Araz Market” mağazası ilə üzbəüz nahiyədə hündürmərtəbəli bina tikmək istəyir.
Nizami rayonunda yüzlərlə ağacın qətliamlarının birinə də Arif Mustafayev adlı sahibkara məxsus “Karaev City” tikinti şirkəti qol qoyub.
Şirkətin Kamil Balakişiyev və Şirin Mirzəyev küçələrinin kəsişdiyi yerdə inşa etmək istədiyi “göydələnin” tikilməsi üçün Şirin Mirzəyev 48/52 ünvandakı 3-mərtəbəli binalar sökülməlidir. Problem budur ki, 8-10 mənzilin sakinləri ilə anlaşma əldə olunmayıb. Sakinlərin sözlərinə görə, şirkət onlara ilk əvvəl vəd etdiklərinə əməl etməkdən boyun qaçırıb, cari təklifləri isə onları qane etmir. Bir sözlə, COP29 ərəfəsində Nizami İH başçısı dövlətə qarşı zərərli addımlara göz yumur.
Anaxeber.info